Qərb Rusiya üzərinə yeni sanksiyaları açıqladı

Yeni sanksiyalar Rusiya hərbiyyəsini, silah istehsalı və idxalını hədəfləyir

Sanksiyalar ümumilikdə 600-dən çox fiziki və hüquqi şəxsi əhatə edir

ABŞ, Avropa İttifaqı və G7 qrupu martın 24-də Rusiyanın Ukraynaya müdaxiləsinə görə Moskva üzərinə yeni sanksiyalar elan ediblər.

Sanksiyalar ümumilikdə 600-dən çox fiziki və hüquqi şəxsi əhatə edir.

Bunların arasında Rusiya Dövlət Dumasının Ukraynada qondarma DXR və LXR-in müstəqillyinin tanınmasına səs vermiş 328 deputatı da var.

Bu dəfə sanksiyalar həm də bütövlükdə Rusiya Dövlət Dumasına bir təşkilat kimi şamil ediləcək.

Sanksiya siyahısına habelə Sberbankın başçısı German Qref və Sovkombankın idarə heyətinin 17 üzvü salınıb.

Yeni sanksiyalar həm də Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi hərbi texnikanı istehsal edən 48 şirkəti hədəfləyir.

Buna da bax: Rusiya qazını rublla satarsa...

Lukaşenkanın arvadından Rusiya generallarınadək

Bundan başqa ABŞ Maliyyə Nazirliyi Rusiya Mərkəzi Bankı ilə hər hansı əlaqəsi olan qızılla bütün əməliyyatları qadağan edib.

Bundan əvvəl nazirlik, barəsində sanksiyalar elan olunmuş şəxslərin siyahısının genişləndirildiyini xəbər vermişdi.

Yeni siyahıya, məsələn, Belarus başçısı Alyaksandr Lukaşenkanın arvadı Qalina daxil edilib.

Bu siyahıya habelə Rusiya müdafiə nazirinin müavinləri – 1-ci müavin Ruslan Tsalikovun, müavinlər – ordu generalı Dmitri Bulqakov, general-polkovnik Yunus bek Yevkurov, general-polkovnik Yuri Sadovenkov, general-polkovnik Gennadi Jidko, habelə Timur İvanov, Aleksey KrivoruçkoNikolay Pankovun adları salınıb.

Sanksiyalar həmçinin Rosoboroneksportun rəhbəri Aleksandr Mixeyevə, hərbi-texniki əməkdaşlıq federal xidmətinin direktoru Dmitri Şuqayev, Ukrayna pilotu Nadejda Savçenkonun və Sergey Maqnitskinin işlərinə baxmış hakim Natalya Muşnikovanı hədəfləyir.

Buna da bax: Rusiya interneti kəsir. Çin yoluyla gedə biləcəkmi

Zelenski bu dəfə NATO-nu səmanı bağlamağa çağırmadı

Ukrayna Prezidenti Volodimir Zelenski martın 24-də NATO-nu Ukraynaya məhdudiyyətsiz hərbi yardım göstərməyə çağırıb. Bu gün Brüsseldə ABŞ Prezidenti Co Bayden daxil olmaqla Qərb liderlərinin təcili sammitləri keçirilir.

“Xalqımızı və şəhərlərimizi xilas etməkdən ötrü Ukraynaya məhdudiyyətsiz hərbi yardım lazımdır. Necə ki Rusiya öz tam arsenalından bizə qarşı məhdudiyyətsiz istifadə edir”, – Zelenski videoəlaqə vasitəsilə NATO liderlərinə deyib.

“Alyans ukraynalıların Rusiya zərbələrindən, Rusiya işğalından ölməsini hələ də önləyə bilər, bizə gərəkən silahların hamısını verməklə”, – Zelenski deyib.

Onun sözlərinə görə, alyans Ukraynanı raket əleyhinə silahlar, tanklar, hətta qırıcılarla təmin edə bilər.

Buna da bax: Rusiya qazını rublla satarsa...

Səmanı bağlamaq çağırışı səslənmədi

Zelenski NATO-ya Rusiyanın Ukraynaya qarşı bir aydır apardığı müharibədə verdiyi müdafiə avadanlığına görə təşəkkür edib, amma eyni zamanda hücum silahları istəyib. Amma o bu dəfə alyansı Ukrayna üzərində səmanı bağlamağa, yaxud ölkəsini üzvlüyə qəbul etməyə çağırmayıb.

Ukrayna prezidenti müharibə başlayandan NATO-nu dəfələrlə Ukrayna səmasını bağlamağa çağırmış, ABŞ və müttəfiqləri isə bunun Rusiya ilə birbaşa qarşıdurma demək olduğunu bildirmişdi.

Zelenski bu dəfə deyib ki, NATO üzvlərinin silah və digər hərbi avadanlıq verməsi Ukraynanı “sizin kimi, 100 faiz təhlükəsizliklə” təmin edər.

“Əminəm ki, Rusiyanın Ukraynanı işğal etməyi dayandırmaq niyyəti olmadığını artıq anlayırsız. Bu haqda düşünmür və bunu etməyəcək. O, daha da irəli, NATO-nun şərq üzvlərinə qarşı getmək istəyir. Baltik ölkələri, Polşa – bu dəqiqdir”, – o vurğulayıb.

Buna da bax: Rusiya interneti kəsir. Çin yoluyla gedə biləcəkmi

Yeni sanksiyalar gəlir

ABŞ Prezidenti Co Bayden Avropa İttifaqının sammitində, həmçinin Böyük Yeddilik üzvlərinin toplantısında iştirak edəcək, Moskvaya qarşı əlavə sanksiyalar açıqlayacaq.

Britaniya isə daha 59 rusiyalı fərdi və qurumu sanksiya siyahısına salıb, onların aktivlərini dondurub, siyahıdan olanların ölkəyə girişini məhdudlaşdırıb. Gazprombank, Alfa Bank, Sovcomflot dövlət gəmiqayırma şirkəti siyahıya salınıb.

***

Borrel Moskvanı danışıqları uzatmaqda suçlayır

Avropa İttifaqının aparıcı diplomatı Jozep Borrel deyir ki, Rusiya Ukrayna ilə atəşkəs danışıqlarını uzadır və səbəbsiz müharibədə məqsədlərinə çatmayınca müzakirələrə ciddi yanaşmayacaq.

Martın 24-də İspaniyanın TVE televiziyasına müsahibəsində Borrel deyib ki, Rusiya Prezidenti Vladimir Putinin məqsədi Ukraynanı su hövzələrinə çıxışını məhdudlaşdırmaq üçün Moldovayadək uzanan Qara dəniz sahilini tutmaqdır.

"İndilik Rusiya oturub danışıq aparmaq istəmir: o, qurunu tutmaq istəyir", – Borrel deyib.

"O, yalnız mövqeyini gücləndirəndən sonra səmimi danışıq aparmaq istəyir", – diplomat vurğulayıb.

Buna da bax: Ukrayna Rusiyanın tələblərini rədd etdi

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. O, əsasən şimal və şərq istiqamətlərindən Ukraynaya hücuma keçib. Ən ağır döyüşlər Mariupol liman şəhəri uğrunda gedir, Ukrayna qüvvələri sərt müqavimət göstərirlər. 400 min əhalisi olan bu şəhəri tutmaqla Rusiya 2014-cü ildə ilhaq etdiyi Krımla Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazilərə quru əlaqəsi yaratmaq istəyir.

Mariupolun on minlərlə sakini hələ şəhərdən çıxa bilməyib. Sakinlər həftələrdir su, yemək, yanacaqsız qalıb. Azı 2 min 300 nəfərin həlak olduğu, kütləvi məzarlıqlarda basdırıldığı bildirilir.

Yens Stoltenberq

Stoltenberq: Putin Ukraynanın işğalı ilə böyük səhv elədi

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı səbəbsiz işğal etməklə “böyük səhv”ə yol verdi. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Martın 24-də NATO-nun fövqəladə sammitindən öncə danışan Stoltenberq qeyd edib ki, alyans liderləri “uzunmüddətli perspektivdə qabaqlayıcı və müdafiə sistemlərimizi yenidən qurmaq ehtiyacını” müzakirə edəcəklər.

Buna da bax: 'Ukraynada çox ağır küçə döyüşləri olacaq'

Hərbi alyans Avropada qüvvələrini iki dəfə artıracağını bildirib. Rumıniya, Macarıstan, Slovakiya və Bolqarıstana yeni qüvvələr yerləşdiriləcək.

“Prezident Putin müstəqil suveren ölkəyə qarşı müharibəyə başlamaqla böyük səhvə yol verib. O, Ukrayna xalqının gücünü, Ukrayna xalqının cəsarətini, silahlı qüvvələrini yetərincə dəyərləndirməyib”, – Stoltenberq görüşdən öncə jurnalistlərə deyib.

Buna da bax: Rusiyanın Ukrayna qətnaməsi BMT-də keçmədi

Kimyəvi silaha əl atılarsa...

Onun sözlərinə görə, kimyəvi silahdan istifadə Rusiya ilə Ukrayna arasındakı münaqişəni “fundamental şəkildə dəyişər”, bu, beynəlxalq hüququ “həyasızcasına” pozmaq demək olar, “genişmiqyaslı və sərt fəsadlar” törədər.

“Həmişə çirklənmə riskinin olduğunu nəzərə alanda, əlbəttə, kimyəvi silahlardan istifadənin ciddiliyi daha da aydınlaşır... bu halda kimyəvi maddələr NATO ərazisinə də yayılar”, – o vurğulayıb.

Buna da bax: Rusiyada bəzi dərmanlar 'yoxa çıxıb'

Amma Stoltenberq NATO-nun belə bir hücuma necə reaksiya verəcəyini açıqlamayıb.

Putin fevralın 22-də Ukraynanın şərqindəki qondarma Donetsk və Luqansk separatçı “respublikalar”ını tanıyıb. İki gün sonra isə Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayıb.

Qərb bu hücuma cavab olaraq Moskvaya sərt maliyyə sanksiyaları tətbiq edib.