Fransada azı 4 nəfər öldürülüb, Macron Strasburqa gəlib - Yenilənir

Polis hadisə yerinin yaxınlığında

Az əvvəl verilən xəbərlərə görə Fransa prezidenti Emmanuel Macron təcili qaydada Strasburq şəhərinə gəlib.

Fransa polisi bildirir ki, Strasburq şəhərindəki Milad bazarında baş vermiş atışmada 4 nəfər öldürülüb, daha bir neçə adam ağır yaralanıb.

Atəş açmaqda şübhəli bilinən şəxs qaçıb, lakin polisin bildirdiyinə görə onun şəxsiyyəti müəyyənləşdirilib. Polis şübhəlinin kimliyini açıqlamayıb.

Fransanın daxili işlər naziri Christophe Castaner deyib ki, şübhəlinin əvvəllər məhkumluğu olub.

Fransa Daxili İşlər Nazirliyinin Twitter hesabında yazılıb: "Strasburqda çox ciddi ictimai asayiş tədbirləri görülür. Sakinlərdən evlərində qalmağı rica edirik”.

Şəhər merinin müavini Alain Fontanel-in tvitində deyilir ki, hadisə şəhərin mərkəzində baş verib.

Strasburqun mərkəzində hər il qurulan Milad bazarı minlərlə turisti və yerli sakini cəlb edir.

Hadisə baş verərkən Strasburqda yerləşən Avropa Parlamentinin sessiyası gedirdi və indi bina bağlanıb, millət vəkilləri, işçilər və jurnalistlər içəridə qalıblar.

Bu günlərdə yüzlərlə Avropa millət vəkili və rəsmilər Brüsseldən Strasburqagəlib.

Fransa prezidenti Emmanuel Macron-un hadisələrin gedişatı barədə daim məlumatlandırıldığı xəbər verilir. O Strasburqa daxili işlər nazirini göndərib.

Hadisə yerinə antiterror birlikləri, əsgərlər və silahlı polislər yeridilib.

İnsident son üç həftə ərzində davam edən antihökumət aksiyaları ilə eyni vaxta təsadüf edir.