Sudanın devrilən baş naziri yenidən vəzifəsinə qayıdır

Sudanın paytaxtı Xartumda etiraz aksiyası, 13 noyabr 2021

Bazar günü, noyabrın 21-də Sudanın paytaxtı Xartumda ölkənin faktiki lideri, general Əbdülfəttah əl-Burhan ilə ötən ay ordu tərəfindən vəzifəsindən uzaqlaşdırılan baş nazir Abdullah Hamduk arasında siyasi razılaşma imzalanıb.

Müqavilə əsasən oktyabrda baş vermiş hərbi çevriliş cəhdindən əvvəl mövcud olan status-kvonu bərpa edilib.

Keçid dövründə ölkəni Burhanın rəhbərlik etdiyi müstəqil Şura və yenidən Hamdukun rəhbərlik edəcəyi Nazirlər Kabineti idarə etməkdə davam edəcək.

Oktyabrda hərbçilər tərəfindən ləğv edilən əvvəlki hökumətin əvəzinə hökumət "texnokratlardan" yaradılacaq.

Oktyabrın 25-də müxtəlif siyasi qüvvələrin tərəfdarları arasında küçə qarşıdurması fonunda hərbçilər Nazirlər Kabinetini istefaya göndərib və fövqəladə vəziyyət elan edib. Hamduk bir müddət ev dustaqlığında saxlanılsa da, bir neçə gün sonra sərbəst buraxılıb, sonra isə iqamətgahına qayıdıb.

Qərb ölkələri Sudan hərbçilərinin hərəkətlərini pisləyib, çevrilişin əleyhdarları kütləvi etiraz aksiyaları keçiriblər.

2 il əvvəl avtoritar prezident Ömər əl-Bəşirin devrilməsindən bəri Sudan həm hərbçilərin, həm də mülki şəxslərin daxil olduğu Müstəqil Şura tərəfindən idarə olunur. Bu Şuranın vəzifəsi azad seçkilərin keçirilməsi üçün şərait hazırlamaqdır. Hərbçilər seçkilərə müdaxilə etməyəcəklərinə söz veriblər, son çevrilişi isə keçid dövründə nizam-intizam yaratmaq istəyi ilə əsaslandırıblar.