Rusiya Müdafiə Nazirliyi Kursk vilayətinin Sudja şəhərinin ələ keçirildiyini rəsmən elan edib. Şəhər 2024-cü ilin avqustundan bəri Ukrayna silahlı qüvvələrinin nəzarətində idi.
Bir gün əvvəl Rusiya kanalları rusiyalı hərbçilərin Sudjanın mərkəzindən olan foto və videolarını yayımlamışdılar. Həmçinin, martı 12-si axşam prezident Vladimir Putinin Kursk vilayətindəki qərargahlardan birinə baş çəkdiyi məlum olub.
Ukrayna prezidenti Volodimir Zelenski isə Sudja ilə bağlı məlumatı şərh edərkən bildirib: "Ukrayna hərbi komandanlığı lazım olanı edir: maksimim əsgərlərimizin həyatını xilas etmək".
Ukrayna silahlı qüvvələrinin baş komandanı Aleksandr Sırski isə deyib ki, Ukrayna hərbçiləri "məqsədəuyğun və zəruri olduğu müddətdə Kursk vilayətində müdafiəni saxlayacaqlar".
Bloqerlər və media Rusiya ordusunun ötən cümə günü Kursk vilayətinə hücumu barədə məlumat yaymış və bir qrup Ukrayna hərbçisinin mühasirəyə düşməsi təhlükəsi açıqlanmışdı.
Ukrayna 2024-cü ilin avqustunda Kursk vilayətinə hücuma keçərək Sudja və sərhəd bölgəsindəki bir sıra digər yaşayış məntəqələrini nəzarətə götürüb.
Kiyev o zaman bəyan edib ki, Kursk əməliyyatı gələcək sülh danışıqlarında Moskvanı ərazi mübadiləsinə məcbur edəcək, Rusiya qoşunlarını Ukraynanın şərqindəki hücumdan yayındıracaq.