Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 20 nəfərə yaxın fəalının polisə çağırıldığı bildirilir.
Bu barədə partiyadan məlumat verilib. Məlumata görə, fevralın 13-də AXCP Sumqayıt şəhər şöbəsinin geniş tərkibli onlayn toplantısı keçirilib: "Toplantıdan keçən altı gün ərzində bəzi üzvlərimizi Sumqayıt Şəhər Baş Polis İdarəsinə çağıraraq onlara hədə-qorxu gəliblər. Bir üzvümüzün telefonunun şifrəsini zorla açdıraraq şöbənin Whatsapp qrupundakı hər kəsi müəyyənləşdirəndən sonra 20-yə yaxın üzvümüzü idarəyə çağırıblar".
Partiyadan qeyd olunub ki, küçədən və evlərindən idarəyə zorla aparılanlar da olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan"a polisdə təzyiq göstərilməsi ilə bağlı iddiaları təkzib edib. "Polis siyasi mənsubiyyətinə görə heç kimə təzyiq göstərmir", - o vurğulayıb.
Müxalifətdə olan AXCP-nin hazırda təqribən beş fəallı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşiblər. Amma AXCP onların siyasi sifarişlə şərləndiyini açıqlayıb. Hakimiyyət rəsmiləri isə ölkədə siyasi həbslərin olması ilə bağlı iddiaları qəbul etmirlər.