Köçkünlər qayıdırlarsa, Sumqayıtda onlar üçün binalar niyə tikilir?

Sizin brauzer HTML5-i dəstəkləmir

Köçkünlərə evlər Qarabağda deyil, Sumqayıtda tikilir - Tender müəmması

Azərbaycan hökuməti bir yandan işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparıldığını, məcburi köçkünlərin geri, öz torpaqlarına qaytarılması üzərində çalışıldığını bəyan edir, digər yandan da Bakıda, Sumqayıtda məcburi köçkünlər üçün yeni binaların tikintisi üçün tenderlər keçirilir.

Təxminən bir ay öncə, sentyabrın 23-də Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Sumqayıtda 1200-dən çox məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin tikintisi üçün 43 milyon manatlıq tender elan edib. Bu məhəllənin tikitintisinin layihələndirilməsi ilə bağlı tender elanı isə 2021-ci ilin iyulunda verilib.

Dövlət Satınalmaları ilə bağlı məlumatlar göstərir ki, 2020-ci ilin noyabrında Qarabağda rayonların işğaldan azad olunmasından sonrakı dövrdə də tender keçirilib.

Halbuki, hələ 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə prezident İlham Əliyev demişdi ki, bundan sonra köçkünlər üçün evlər işğaldan azad olunan ərazilərdə tikiləcək, o zamana tikintisi başa çatan mənzillər isə şəhid ailələrinə veriləcək.

Sizin brauzer HTML5-i dəstəkləmir

İlham Əliyevi tərifləmək üçün sıra gözləyənlər...

Cavabsız qalan sual

Bəs, hökumət bir yandan məcburi köçkünlərin öz torpaqlarına qaytarılması üzərində işləyirsə, digər yandan Sumqayıtda köçkünlər üçün bina tikilməsini nə zəruri edir?

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Turan informasiya agentliyinin bu mövzuda sualını cavabsız qoyub.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan AzadlıqRadiosuna deyiblər ki, yalnız müharibədən əvvəl tikintisinə başlanan binaların yekunlaşması işləri gedir. Fond Sumqayıtda məcburi köçkünlər üçün yeni binanın tikintisi ilə bağlı tender elanından xəbərsiz olduğunu bildirib:

“Ola bilər o birbaşa veriləndir. Tender elan olunmayıb. O birbaşa veriləndə onu biz görmürük. O dövlət proqramıdır. Cənab prezidentin sərəncamı ilə olandır. Onun bizə adiyyatı yoxdur. Cənab baş nazirin qərarı ilə olur. Birbaşa müqavilə sərəncamla ayrılmış vəsaitin birbaşa verilməsidir. Bu açıq tender deyil ki, biz cavabdeh olaq. Birbaşa müqavilə ilə verilən o deməkdir ki, vəsait ayrılır və hansısa şirkətə verilir. Bunun bizə adiyyatı yoxdur”.

"Birbaşa"nın korrupsiya ilə əlaqəsi varmı?

Sözügedən tenderin qalibi “Diadem” Qapalı Səhmdar Cəmiyyəti olub. Bu şirkət 2017-ci ilin dekabrında təsis olunub. Dövlət Satınalamaları ilə bağlı tender nəticələrinə görə şirkət 2018-ci ildən bəri 140,5 milyon manatlıq 11 tenderin qalibi olub. Bu 11 tenderdən 8-nin sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu olub. Amma rəsmi mənbələrdə bu şirkətin əlaqə məlumatlarını rast gəlmədik.

Qubad İbadoğlu

İqtisadçı alim Qubad İbadoğlu düşünür ki, birbaşa, yəni, müsahibə keçirilmədən, hər hansı seçimlər aparılmadan aparılan tenderlər korrupsiya ehtimallarını artırır:

“Bu yalnız şəffaflıq və hesabatlılıq məsələsi deyil. Bu həm də xeyli suallar yaradır. Yeni binalar niyə işğaldan azad olunmuş ərazilərdə tikilmir? Niyə, Bakıda və ya Sumqayıtda tikilir? Heç aydın da deyil ki, Sumqayıtda tikilən bina hansı vasitə ilə icraçıya ötürülüb? Rəsmi izah belədir ki, birbaşa verilib. Birbaşa isə o deməkdir ki, orada açıq tender, rəqabətli seçim olmayıb. Yəqin ki, sifarişçi ilə icraçı arasında sövdələşmə olub. Bu həm korrupsiyanın miqyasını genişləndirir, hesabatlıq və şəffaflıq standartlarını pisləşdirir. Dövlət satınalmaları üzrə qanuna da ziddir”.

Azərbaycan hökuməti əsasən Dövlət Neft Fondunun vəsaitləri ilə 2001-ci ildən məcburi köçkünlər üçün yeni bina, məktəb, xəstəxanalar tikir. Fondun məlumatına görə ümumilikdə bu işlərə 3 milyard manata yaxın vəsait xərclənib.

Zaman-zaman bu vəsaitlərin korrupsiya yolu ilə mənimsənildiyi iddiaları səslənib. Amma hökumət bir qayda olaraq bu cür iddiaları rədd edib.