Böyük Britaniyanın baş naziri Rişi Sunak (Rishi Sunak) yanvarın 12-də Kiyevə qəfil səfər edib. Bundan öncə o, Ukraynaya hərbi yardımın həcminin 2.5 milyard funt sterlinqə (3.2 milyard dollar) çatdırılacağını elan edib. Bu, əvvəlki iki illə müqayisədə 200 milyon çoxdur.
Baş nazir və prezident Volodimir Zelenski Böyük Britaniya və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair tarixi saziş imzalayacaqlar. G7 ölkələri keçən il NATO-nun Vilnüsdə keçirilən sammitində Ukraynaya ikitərəfli təhlükəsizlik zəmanəti verməyə razılaşıblar. Böyük Britaniya yekun razılaşmaya daxil olan ilk ölkədir.
Zelenskinin müttəfiqlərdən istəyi
Bir gün öncə Zelenski Baltik ölkələrinə səfərdən qayıdıb. Səfərdə o, Qərb müttəfiqlərini artıq iki ilə yaxındır davam edən müharibəyə maliyyəni artırmağa səsləyib.
Bəzi ölkələrdə donor bezginliyi, Rusiyanın isə sursat üçün İrana və Şimali Koreyaya üz tutduğu bir vaxtda Zelenski də Ukraynanın müttəfiqlərini silah təchizatını davam etdirməyə çağırır.
O, yanvarın 11-də deyib ki, cəbhə xəttində vəziyyət "çox mürəkkəbdir" və Ukrayna qüvvələrinin silahı çatışmır.
Zelenski onu da vurğulayıb ki, Vladimir Putinin asanlıqla udacağı gözlənən mart seçkisindən sonra Kreml Ukraynaya qarşı hərbi hücumu genişləndirə bilər.
İlin əvvəlindən Ukrayna Rusiyanın kütləvi raket və dron zərbələrinə məruz qalıb.