Traktorçunun minaya düşdüyü deyilir

Minaya düşmüş traktor (Foto arxiv)

Bu gün, oktyabrın 26-da səhər Tərtər rayonunun Suqovuşan kəndində əkin işləri zamanı traktorun minaya düşdüyü bildirilir. Partlayış nəticəsində traktorçu Elçin Nurəliyevin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı deyilir.

Mina partlamasında ölən və yaralananlar

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 65 vətəndaşı minaya düşərək həlak olub, 260-dən çox şəxs isə müxtəlif xəsarət alıb. Daha əvvəl bildirilirdi ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri verilməsi əvəzi bir sıra rayonların minalanmış ərazilərinin xəritələrinin alındığı açıqlandı. Hərçənd Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu və bəzi əlavə kəndləri işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və (Suqovuşan daxil) Qarabağın bir hissəsinə nəzarətini bərpa edib. Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.