Oskara namizəd olan «Mağara» (The Cave) sənədli filmi Suriyada vətəndaş müharibəsi qurbanlarına yardım edən yeraltı xəstəxana haqqındadır.
ABŞ-da çıxan «Daily Herald» qəzeti yazır ki, builki Oskar namizədləri arasında sənədli filmlər xüsusilə seçilib. Bu il mükafat uğrunda beş sənədli film mübarizə aparıb.
«Amerika zavodu» (American Factory) filmi Ohayoda iş yerində öz qaydalarını yeridən Çin şirkəti haqdadır. «Demokratiyanın ucu» (The Edge of Democracy) filmi isə Braziliyanın ən son dövrünün tarixinə fokuslanır. Filmdə kəmsavad, pis niyyətli populistin (Braziliya prezidenti Jair Bolsonaro-dan söhbət gedir) prezident kürsüsünə yüksəlməsi addım-addım göstərilir.
«Bal ölkəsi» (Honeyland) filmi də çox maraqlıdır. Bu film eyni zamanda həm xarici film, həm də sənədli film nominasiyalarında namizəd olmaqla tarixə düşüb.
Tunel həyatı
Nominantlardan ikisi – «Sama üçün» (For Sama) və «Mağara» filmləri Suriya kinematoqrafçılarının işləridir. Yanvarın sonlarında ekranlara çıxmış «Mağara» filmi Dəməşqin ətraflarında küçələrin altında düzəldilmiş xəstəxanada çalışan tibb işçiləri haqdadır.
Buna da bax: '1917' Oskarı nəyə görə alıb
Xəstəxana yerin altında qazılmış tunellərdə yerləşir. Çünki Suriya prezidenti Bashar al-Assad və onun rusiyalı müttəfiqləri şəhərin küçələrini bombalamaqla onları xarabalığa döndəriblər.
«Mağara» filmi bir neçə həkim, tibb bacısı və işçinin işini diqqət mərkəzində saxlayır. Patriarxal cəmiyyətdə qadın həkim olan doktor Amani Ballour xüsusilə önə çəkilir.
«Biz tunellərdə baş verən xaos və faciəni həkimin gözləri ilə görürük. Yaralı mülki şəxslər müalicə üçün bu xəstəxanaya gətirilir. Bəzən burada sakit anlar da olur. Kiminsə ad gününü popkornla qeyd edirlər. Yaxud da mətbəxin işçiləri bu qədər adamı bir-iki kilo düyü və bir qədər marqarinlə necə doyuracağından narahatdır.
Ballour-un qan su yerinə axdığı zamanda yaralılarla əlləşməsi azmış kimi, vaxtaşırı kimsə gəlib ona qadının həkimlik etməli olmadığını, evdə oturmalı olduğunu deyir. Hətta müharibənin qızğın çağında belə köhnə kiflənmiş seksizm öz işindədir», – qəzet yazır.
Suriyalı rejissor Feras Fayyad daha öncə Oskara namizəd göstərilmiş «Hələbdə sonuncu adam» (Last Man in Aleppo) filmini də çəkib. Görüntülərin bir hissəsi USB disklərə yazılmış şəkildə ölkədən gizli çıxarılmalı olub.
Buna da bax: “Bal ölkəsi” Oskar ala bilmədi
Son dərəcə təsirli... «ideal deyil»
Film son dərəcə təsirli alınıb. Yüzlərlə saatlıq materialı montaj edən Fayyad daha çox yaralı uşaqlara fokuslanıb. Həkimlərin yaralıların kimyəvi hücum qurbanı olmasından şübhələndiyi səhnələr çox ağırdır.
Belə anlar filmdə izlədiyimiz insanlara həddindən artıq pis təsir edir. Onlardan biri, doktor Salim Namour əməliyyat otağında Mozart və Tchaikovsky-nin musiqisini oxudan təcrübəli cərrahdır. («Bizim anesteziyamız yoxdur, ancaq musiqimiz var»).
Qəzet yazır ki, «Mağara» ideal deyil. Bir çox yetərincə yaxşı sənədli filmlər kimi, burada da dramanı artırmaqdan ötrü musiqidən həddindən artıq istifadə olunub. Halbuki, filmdə onsuz da gərginlik çoxdur. Bundan başqa, müəllif hesab edir ki, Fayyad tamaşaçının bir-birinin ardınca neçə qanlı hücuma dözə biləcəyini düzgün hesablamayıb.
Filmdə bəzən yerin üstündə baş verənləri də göstərirlər. Bəlkə restoran işçisi, bəlkə də adi vətəndaş olan bir kişi xəstəxanaya əlində bir çəllək şorba gətirir.
Yeri gəlmişkən, filmi çəkən rejissor Fayyad-ın özü Oskar mükafatını almağa ABŞ-a, Hollivuda gələ bilməyib. Suriyalı olduğundan ona viza verməyiblər. Oskarın siyasətdən uzaq olmalı olduğunu deyənlər həm də buna görə yanılırlar.