Suriyada qalan Rusiya hərbçiləri ərzaq və su sarıdan əziyyət çəkirlər

Hmeymimdə Rusiya qoşunları

Suriyadakı Rusiya qoşunlarının canlı qüvvə və texnikasının ölkədən çıxarılması davam edir. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin bildirdiyinə görə, Rusiya hərbçiləri ərzaq və su sarıdan əziyyət çəkirlər. Bu bilgi dekabrın 15-də Telegram sosial şəbəkəsindəki paylaşımda əksini tapıb.

Həmin paylaşımda Tartus və Hmeymimdəki hərbçilərlə Aralıq dənizində lövbər salmış hərbi gəmilərin şəxsi heyətinin problemlərlə üzləşdiyinə diqqət çəkilib.

Suriyadakı hərbçilər azuqə çatdıracaq hərbi-nəqliyyat təyyarələrinin gəlişini gözləyirlər. Suriyanın ucqar bölgələrindəki Rusiya qoşunlarının çıxarıldığı bildirilir: "Əsəd rejiminə qarşı döyüşən qüvvələrin bir neçə marşrutda Rusiya qoşunlarını müşahidəsi davam edir".

İddialara görə, rəsmi Moskva iki hərbi bazada xidmət aparacaq 3 minədək hərbi qulluqçu saxlamağa razıdır.

Rusiya hələ şərh verməyib

AzadlıqRadiosunun təsdiqləyə bilmədiyi bilgini Rusiya hələ şərh etməyib.

Dekabrın 15-də Rusiya XİN Telegram-dakı paylaşımında diplomatlarının bir bölümünü təxliyə etdiyini bildirib. Onlar Rusiya HHQ-nin Hmeymim hərbi hava bazasından özəl reyslə çıxarılıblar.

"Həyat Təhrir əş-Şam"ın (HTŞ) sürətli hücumu nəticəsində Bəşər Əsədin rejiminin çöküşündən sonra Rusiyanın hərbi-nəqliyyat təyyarələri Hmeymim bazasını tərk edib.

Dekabrın 13-də yayılan peyk görüntülərinə əsasən, Rusiya bazadan hərbi texnikasını çıxarmaq üçün ölkəyə gətirilən iki "An-124" yük təyyarəsindən yararlanıb. Suriyaya bir neçə desant və mülki gəmilər də göndərilib.

HTŞ Dəməşqdə Riad əl-Əsədin başçılıq edəcəyi aralıq hökuməti təyin edib. Bu şəxs dekabrın 15-də AFR-ə bildirib ki, Əsədin çökdürən silahlılar birləşib vahid qüvvəyə çevriləcək və aralıq hökuməti bütün suriyalıların hüquqlarını qoruyacaq.

ABŞ Dövlət katibi Antoni Blinken dekabrın 15-də britaniyalı həmkarı Devid Lemmiylə Suriyadakı durumu müzakirə edib. Müzakirə gedişində keçid dönəminə, aralıq hökumətinin formalaşmasında ABŞ və bölgə ölkələrinin təsdiqlədiyi prinsiplərə də toxunulub.

Blinken dekabrın 14-də İordaniyada Ərəb ölkələri Liqası və Türkiyənin xarici işlər nazirləri, Avropa İttifaqı və BMT-nin yüksəkvəzifəli nümayəndələri ilə fövqəladə görüşə qatılıb.

Görüşün yekunlarına dair birgə bəyanatda Suriyadakı keçid dönəmində ölkələrin görmək istədiyi prinsiplər də yer alıb. Bunların arasında inklüzivlik, azlıqlara və qadınlara sayqı, terrorçu qruplarla mübarizə də var.

Görüşdən sonra ABŞ HTŞ və digər tərəflərlə birbaşa əlaqə saxlayıb.

Detalları açıqlamayan Blinken deyib ki, ABŞ üçün keçid dönəmində qruplaşmaya özünü necə aparacağı və ölkəni necə yönəldəcəyi barədə fikirlərini çatdırmaq önəmli idi.