Azərbaycan Şuşa istiqamətində təxribatla üzləşdiyini deyir

Şuşanın girəcəyində Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsi. Foto arxiv

Azərbaycan Şuşa istiqamətində təxribat törədildiyini deyir.

Bununla bağlı bu gün, sentyabrın 3-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri Şuşa istiqamətində Azərbaycanın bölmələrindən birinin mövqeyini intensiv atəşə tutub.

Vurğulandığına görə, Azərbaycan ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib, insident başa çatıb: "Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb…".

+++

Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın Şuşa ətrafındakı mövqeyinin vurulması ilə bağlı xəbəri təkzib edib. Xəbəri rejimin "müdafiə nazirliyi" yayıb.

"Artsax (Qarabağ) Müdafiə Ordusunun bölmələri atəşkəs rejiminə ciddi əməl edir, yalnız düşmənin provokasiyasının qarşısını almaq üçün cavab addımları atırlar", – məlumatda deyilir.

Son aylar istər Qarabağda, istərsə də Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Tərəflər buna görə, bir qayda olaraq, bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da vurğulanıb.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Üstəlik, Azərbaycanın Ağdam şəhərində atəşkəsi izləmək üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.