Səudiyyə Rusiyaya güzəştə getdi, neftin qiyməti qalxdı (VIDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Yanacağın bahalaşması bu məhsulları da bahalaşdıra bilər

Rusiya və Qazaxıstan fevral və mart aylarında neft hasilatını Səudiyyə Ərəbistanının “hesabına” artıracaqlar.

Səudiyyə hesab edir ki, OPEC və onun müttəfiqlərindən ibarət OPEC+ adlı alyansın qorunub saxlanması daha əhəmiyyətlidir.

Riyad bildirir ki, pandemiyanın güclənməsi neftə olan tələbatı azalda və neft qiymətlərini kəskin sala bilər.

Rusiya və Qazaxıstan OPEC+ qrupunun yanvarın 4-də başlanan son iclasında hasilatı günə daha 500 min barrel artırmağa çağırırdılar.

Lakin Səudiyyə koronavirusun yeni ştammının yayılmasının törədə biləcəyi sabitsizliyi nəzərə alaraq hasilat ixtisarının olduğu kimi saxlanmasını istəyirdi.

OPEC+ qrupuna Səudiyyənin başçılıq etdiyi 13 üzvlü OPEC və 10 qeyri-OPEC üzvü daxildir.

Buna da bax: Rusiya və Qazaxıstan hasilatı artırmağa çağırır. Neftin qiyməti düşə bilər

İclas niyə uzandı?

Moskva və Riyad arasında yaranmış ixtilafa görə iclas ertəsi gün, yanvarın 5-də də davam edib.

Ötən ilin martında belə bir ixtilaf neft qiymətlərinin misilsiz şəkildə düşməsinə səbəb olmuşdu.

Buna görə də Səudiyyə kompromisə gedib və yanvarın 5-də razılaşma əldə olunub.

Razılaşmaya görə Rusiya və Qazaxıstan fevral və mart aylarında hasilatı toplam olaraq günə 75 min barrel artıra biləcəklər.

Əvəzində Səudiyyə könüllü olaraq həmin aylarda öz hasilatını günə 1 milyon barrel azaltmağa razılıq verib.

Razılaşma dərhal neft bazarını təsirləndirib və Brent markasından olan neftin qiyməti 5 faiz artaraq bir barrel üçün 53.65 dollar olub.

Neft və qaz Rusiyanın xarici valyuta gəlirlərinin nəhəng hissəsini təşkil edir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ekspert aprel-may aylarında ərzaqın bahalaşacağını gözləyir

Səudiyyə Rusiyanın qıcıqlanmasını istəmir

Səudiyyə Ərəbistanı və Rusiya ötən ilin martında razılığa gələ bilməyəndə də pandemiya şiddətlənmişdi.

Bu isə öz növbəsində dünya boyunca karantinlərə və neftə tələbatın kəskin azalmasına səbəb olmuşdu.

Rusiya ehtiyat edir ki, hasilatın ixtisarı son nəticədə ABŞ-ın şist nefti üçün sərfəli olacaq.

Səudiyyənin cavab olaraq öz hasilatını artıracağı barədə bəyanat verməsi martın 9-da neftin qiymətini 1991-ci ildən bəri ən aşağı həddinə salmışdı.

O vaxt neft qiymətləri bir barrel üçün 10 dollardan da aşağı düşmüş, Moskva ilə Riyad yalnız bundan sonra kompromisə getmişdilər. Müttəfiqlər hasilatı günə 9.7 milyon barrel azaltmağa razılaşmışdılar.

Lakin sonralar alyans üzvləri hasilatı bir neçə dəfə artırmışdılar.

OPEC+ qrupunun dekabrda keçirilən iclasında Səudiyyə yanvar ayında hasilatın günə 500 min barrel artırılmasına razılaşmışdı.

Son razılaşma isə alyansın toplam ixtisar həcmini günə 7 milyon barrelə salacaq.

Hazırda Azərbaycanın Azeri Light neftinin qiyməti bir barrel üçün 54.14 dollardır.