Tacikistanda Novruz bayramı münasibətilə 900-a yaxın məhbus əfv edilib

Tacikistanda Novruz bayramı qeyd olunur

Tacikistanda Novruz bayramı qeyd olunur

Tacikistan Prezidenti Emoməli Rəhmon 900-ə yaxın məhbusu əfv
edib. Bu barədə fərman martın 20-də imzalanıb.

Fərmanda deyilir ki, beynəlxalq Novruz bayramı şərəfinə və humanizm prinsipi əsasında 897 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Sonuncu dəfə E.Rəhmon 2020-ci ildə 400-ə yaxın məhbusu əfv etmişdi.

2024-cü ilin yanvarına olan məlumata görə, Tacikistan həbsxanalarında 13,5 mindən çox məhkum olub. Bu il üçün məlumat hələlik, açıqlanmayıb.

Xaricdə olan müxalifət və beynəlxalq qurum təmsilçiləri Tacikistan hakimiyyətini həbsxanaya davamlı olaraq çox sayda insanı, əsasən uzunmüddətli cəza ilə göndərdiyinə görə tənqid edirlər. Onların arasında müxalifətçilər, vətəndaş fəalları, jurnalistlər, vəkillər var. Əfv fərmanının onlardan kimlərə aid edildiyi bəlli deyil.

ABŞ Dövlət Departamenti 2024-cü ilin aprelində
"Tacikistan həbsxanalarında sıxlığı" ciddi problem adlandırıb.

Fevralın 5-də Tacikistan Ali Məhkəməsi 31 yaşlı jurnalist Ruhşona
Hakimovanı "dövlətə xəyanətdə" təqsirli bilib. O, südəmər körpəsinin
olmasına baxmayaraq, 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə prosesi paytaxtdakı istintaq təcridxanasının binasında bağlı qapılar arxasında keçirilib.

Jurnalistləri Müdafiə Komitəsi 2024-cü il üçün hesabatında bildirib ki, Tacikistanda media son üç onillikdə "ən pis durumdadır", çünki Rəhmon özünü "fərqli fikirlərə dözməyən mütləq hakimiyyət" kimi aparır.