‘Prezidentə görə’ işdən qovulan rəqs müəllimi yerinə qaytarılıb

Saida Rustamova

Düşənbədə prezident Emomali Rahmonun televiziya ilə xalqa müraciətinə baxmadığına görə işdən qovulmuş rəqs müəllimi vəzifəsinə bərpa edilib.

Saida Rustamovanın başına gələnlər mediada geniş əks-səda vermişdi.

Tacikistan Həmkarlar İttifaqları Federasiyası fevralın 16-da AzadlıqRadiosuna bildirib ki, Saida Rustamova təşkilatın xahişi ilə xoreoqrafiya məktəbindəki işinə bərpa olunub.

AzadlıqRadiosu fevralın 14-də yazmışdı ki, Düşənbədəki xoreoqrafiya məktəbinin bir rəqs müəllimi prezident Emomali Rahmonun televiziya ilə yayınlanan illik müraciətinə baxmadığına görə işindən qovulub.

Saida Rustamova fevralın 14-də AzadlıqRadiosuna deyib ki, onun işdən çıxarılması barədə əmrdə səbəb olaraq, onun müəllim və tələbələrin prezidentin televiziya ilə illik müraciətinə baxmaq üçün toplaşdıqları auditoriyaya gəlməməsi göstərilib.

Rustamova deyir ki, o auditoriyanı orada oturmaq üçün yer olmadığına görə tərk edib.

Məktəbin direktoru Kenja İbrohimov AzadlıqRadiosuna deyib ki, Rustamova işdən peşəkarlığının zəifliyinə və müdiriyyətin tövsiyələrinə qulaq asmadığına görə xaric edilib.

İbrohimov deyib: “Mən eşitmişəm ki, o sizə bizdən şikayət edib. Yalnız təxribatçılar belə hərəkət edirlər”.

Avqust ayında Tacikistanın cənub-qərbindəki Huroson rayonunda Qadın və Ailə Şöbəsinin rəhbəri Ziyoda Salomova işdən qovulub. Buna səbəb bura Rahmonun səfəri zamanı bir qrup qadının kökdən düşmüş milli alətlərin müşayiəti ilə xalq rəqsini ifa etmələri olub.

Ziyoda Salomova prezidentin səfəri zamanı qadınların kökdən düşmüş alətlərlə rəqsinə görə işdən qovulmuşdu

Bu hadisə mediaya çıxadıqdan bir neçə gün sonra prezident Salomovanın öz vəzifəsinə bərpası barədə göstəriş verib.

Tacikistan mediası Rahmonu, ölkəni 1990-cı illərdə baş vermiş beşillik vətəndaş müharibəsindən çıxararaq sülhə yetişdiridiyinə görə sovetsayağı tərənnüm edir.

65 yaşlı Rahmonun “sülhün və Tacikistan birliyinin banisi” və “millətin rəhbəri” kimi titulları var.

Bundan başqa o 2015-ci ilin dekabrında imzaladığı qanunla mühakimədən ömürlük immunitetə sahibdir.

Keçmiş kolxoz sədri Rahmon Tacikistana 1992-ci ildən – Sovet İttifaqı dağılandan bəri rəhbərlik edir.

Beynəlxalq təşkilatlar Tacikistanı insan haqlarının sistematik pozulmasına görə tənqid edirlər.