Tacikistan və Özbəkistan vizasız rejimə dair razılaşma əldə ediblər

Özbəkistanın baş naziri Abdulla Aripov

Tacikistan mediasında yayılmış xəbərlərə görə, Tacikistan və Özbəkistan arasında vizasız gediş-gəliş, habelə digər sərhəd-keçid məsələlərinə dair razılaşma əldə olunub.

Yanvarın 11-də verilən xəbərlərdə deyilir ki, bu saziş Özbəkistanın baş naziri Abdulla Aripovun Düşənbəyə səfəri zamanı imzalanıb.

Aripov və onun tacik həmkarı Qohir Rasulzoda yeni sərhəd protokollarının yaxın gələcəkdə imzalanacağını bildiriblər.

Aripov habelə yanvarın 10-da Tacikistan prezidenti Emomali Rahmonla da görüşüb.

Yeni sərhəd qaydalarına görə Taciksitan və Özbəkistan vətəndaşları bu ölkələr arasında 30 gün müddətində vizasız hərəkət və yaşama imkanı qazanacaqlar.

Bundan başqa sazişdə yeni sərhəd-buraxılış məntəqələrinin qurulması və iki ölkəni birləşdirən avtobus xətlərinin açılışı nəzərədə tutulub.

Bu da xəbər verilir ki, Sovet İttifaqının dövründə tikilmiş Farhod Su-Elektrik Stansiyasının su anbarına dair mübahisələr də həllini tapıb.

Bu razılaşmaya əsasən stansiyanın tikildiyi torpaq Tacikistanın, SES-in özü isə Özbəkistanın mülkiyyəti sayılacaq.

Sovet İttifaqı 1991-ci ildə dağılandan bəri Özbəkistan və Tacikistan arasında sərhədlər, su və enerji ehtiyatlarından istifadə, habelə tranzit yollar sahəsində müxtəlif mübahisəli məsələlər qalıb.

Lakin bu münasibətlər uzun müddət Özbəkistan prezidenti olmuş İslam Karimovun 2016-cı ildə vəfatından sonra yaxşılaşmağa başlayıb.

Özbəkistanın yeni prezidenti Şavkat Mirziyoyev deyib ki, qonşularla yaxşı münasibətlər onun xarici siyasətinin əsasını təşkil edəcək.