Tacikistanda hökumətə qarşı etirazlarda bir nəfər öldürülüb

Xoroqda etiraz aksiyası

GBAO-da vəziyyət ötən noyabrdan gərgindir. O zaman təhlükəsizlik qüvvələri adam oğurluğuna görə axtarılan Gülbiddin Ziyobekovu ölümcül yaralamışdı

Tacikistanın Qorno-Badaxşan Muxtar Vilayətində (GBAO) etirazlar zamanı bir nəfər öldürülüb. Bu haqda ölkənin Daxili İşlər Nazirliyi mayın 17-də məlumat yayıb. Ötən gün təhlükəsizlik qüvvələri vilayətdə siyasi liderlərin istefasını istəyən etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

GBAO hakimiyyəti vilayət başçısını, Xoroqun merini və digər rəsmiləri istefaya göndərməkdən imtina edəndən sonra bir qrup gənc Xoroqda yürüşə başlayıb.

Buna da bax: Türkiyədən qərbə köçən uyğurlar

Daxili İşlər Nazirliyi etiraz liderlərindən biri, 1993-cü ildə doğulmuş Zamir Nazrişoyevin “yaralandığını və xəstəxanada keçindiyini” bildirib. Məlumatda təhlükəsizlik qüvvələrinin “silahlı hücumu” dəf etdikləri vurğulanır. Etirazçılar vilayət administrasiya binalarına doğru yürüş etmişdilər.

Radio Ozodi isə yazır ki, müxtəlif mənbələr Nazrişoyevin başqa şəraitdə öldüyünü iddia edir. Başqa detallar açıqlanmır.

Radionun əldə etdiyi videoda etirazçılara qarşı rezin güllələrə və gözyaşardıcı qaza əl atdığı görünür. Mənbələr iki nəfərin xəsarət aldığını, xəstəxanaya aparıldığını təsdiqləyib.

Buna da bax: Rusiya tacik miqrant liderini təhvil veribmiş

GBAO-da vəziyyət ötən noyabrdan gərgindir. O zaman təhlükəsizlik qüvvələri adam oğurluğuna görə axtarılan Gülbiddin Ziyobekovu ölümcül yaralamışdı.

Bu insidentdən sonra minlərlə adam Xoroqda mərkəzi meydana yığışaraq Ziyobekovun ölümündə günahı olanların məsuliyyətə cəlb edilməsini tələb edib.

Bu qətlin istintaqının hələ başa çatmadığı bildirilir.