Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə aclıq aksiyası keçirdiyi deyilən sədri Taleh Bağırovun onu dayandırdığı bildirilir.
Bu barədə MBH-dən məlumat verilib. Açıqlamaya görə, T.Bağırov bu gün, iyunun 23-də yaxınlarına zəng vuraraq bu barədə bildirib.
"Aclıq aksiyasının dayandırılmasının səbəbi kimi çoxsaylı çağırışlar, həbsxanalarda onun aksiyasına qoşulan şəxslərin səhhətlərində yaranan problemlər və onların ailələrinin narahatçılığı göstərilib", - MHB-dən qeyd ediblər.
Bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Vəkil Taleh Bağırovla görüşüb
Vəkil Fəxrəddin Mehdiyev bu gün, iyunun 20-də Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırovla görüşüb. Vəkilin sözlərinə görə, T.Bağırov aclıq aksiyasını davam edir: "Davam etməkdə də israrlıdır".
F.Mehdiyev qeyd edib ki, T.Bağırovun səhhətində problem var: "Aclığın 18-ci günüdür və artıq onun nəticəsi özünü göstərir. Taleh Bağırov arıqlayıb, sifəti ağarıb, səsi zəifləyib. Həmçinin, qızdırması düşmür".
Vəkil bildirib ki, T.Bağırov həkim nəzarəti altındadır.
Amma bu deyilənləri, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.
Taleh Bağırova dəstək aksiyası olub
İyunun 17-də Ədliyyə Nazirliyinin qarşısında Müsəlman Birliyi Hərəkatının həbsdə aclıq aksiyası keçirdiyi bildirilən sədri Taleh Bağırova təkadamlıq dəstək aksiyası keçirilib.
Fariz Əliyev kimi özünü təqdim edən bir şəxs əlində plakat tutaraq "Fikrət Məmmədov (ədliyyə naziri) çıx, cavab ver. İnsanın həyatı ilə oynamayın" şüarı səsləndirib.
O bildirib ki, T.Bağırov artıq 14 gündür aclıq edir. "Ədliyyə Nazirliyi susqundur. Mən Fikrət Məmmədova etiraz edirəm. Bu mənim konstitusion hüququmdur", - o vurğulayıb.
F.Əliyev özü də artıq iki gündür aclıq aksiyası keçirdiyini qeyd edib.
Ədliyyə Nazirliyinin əməkdaşları onu qəbul şöbəsinə dəvət etsələr də, o bundan imtina edib.
F.Əliyevi aksiya yerindən uzaqlaşmaq istəyərkən polis əməkdaşları saxlayıb. Sonradan onun sərbəst buraxıldığı açıqlanıb.
Taleh Bağırovun aclıq aksiyasını davam etdirdiyi bildirilir
İyunun 13-də Müsəlman Birliyi Hərəkatının həbsdə 10 gündür aclıq aksiyası keçirdiyi bildirilən rəhbəri Taleh Bağırov ailəsinə zəng vurub.
Bu barədə onun həyat yoldaşı Leyla Bağırova keçirdikləri mətbuat konfransında məlumat verib. Onun vurğulamasına görə, dünən, iyunun 12-də həyat yoldaşı ilə görüşmək istəyib: "Buna icazə verilmədi. Bu gün, iyunun 13-də zəng vurdu, bildirdi ki, iki gündür qızdırması var, gözləri qaralır. Həkim deyib ki, bu, təhlükəli haldır…".
Hüquq müdafiəçisi Rüfət Səfərov isə İnsan Hüquqları üzrə Müvəkkilə-Ombudsmana müraciət edib ki, məsələni nəzarətə götürsünlər: "Heç olmasa, sabah Qobustan Qapalı Həbsxanasına getsinlər, vəziyyətlə maraqlansınlar".
Mətbuat konfransında vurğulanıb ki, T.Bağırovun aksiyasına həbsxanada başqa qoşulanlar da var.
Bu deyilənlərə, hələlik, Ombudsman Aparatı və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Taleh Bağırovun aclıq aksiyası keçirdiyi bildirilir
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun iyunun 3-dən aclıq aksiyasına başladığı deyilir. Onun həyat yoldaşı Leyla İsmayılzadənin verdiyi məlumata görə, əri iyunun 3-də aclıq aksiyasına başlaması ilə bağlı Qobustan Qapalı Həbsxanasının rəhbərliyini rəsmi qaydada məlumatlandırıb.
L.İsmayılzadə iyunun 5-də həyat yoldaşı ilə telefonla danışıb: "O, səhhətində hələ problem olmadığını bildirdi".
Verilən məlumatlara görə, T.Bağırovun aclıq aksiyası inanclı insanların son günlər saxlanması zamanı işgəncə və təhqirlərlə üzləşməsi şikayətləri ilə bağlıdır. Amma bu deyilənləri, hələlik, Penitensiar Xidmətlə dəqiqləşdirmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyi isə son günlər Müsəlman Birliyi Hərəkatının saxlanıb sərbəst buraxılan üzvlərinin işgəncə və təhqirlərlə üzləşməsi ilə bağlı şikayətlərini təkzib edib.
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Razi Abbasov barəsində hökm oxunub. O, narkotik maddə saxlamaqda ittiham edilərək 6 il azadlıqdan məhrum edilib. Bu zaman polis prosesi izləmək üçün gələn, məhkəmənin qarşısında toplaşan şəxsləri oradan uzaqlaşdırıb. Beş nəfər saxlanılıb, Müsəlman Birliyi Hərəkatının üç üzvü - İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayev polisə müqavimət ittihamı ilə təqsirləndirilərək 1 aylıq inzibati həbsə məhkum edilib, digər iki fəal saxlanıldıqdan bir neçə saat sonra sərbəst buraxılıb.
Onlardan biri - Mail Kərimov deyib ki, onu məhkəmənin qarşısında saxlayıb əvvəlcə 22-ci polis bölməsinə, sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Kərimov həm yolda, həm də idarədə işgəncələrə məruz qaldığını bildirib. Hərəkatın digər fəalı Süleyman Ələkbərov da buna bənzər bəyanat verib. Daxili İşlər Nazirliyi isə öz növbəsində bu bəyanatları əsassız və yalan adlandırıb.
Xatırlatma
Taleh Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, altı nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha bir çox şəxs saxlanılıb. Onlara qətl və bir çox başqa cinayətlərlə bağlı ittihamlar verilib. T.Bağırov 20 il həbs cəzası alıb. O və tərəfdarları məhkəmədə bütün ittihamları yalanlayaraq polisləri də onların güllələmədiklərini vurğulayıblar.
Aclıq aksiyasına qoşulanların olduğu deyilir
İyunun 3-də Qobustan Qapalı Həbsxanasında aclığa başladığı deyilən Taleh Bağırovun aksiyasına həbsdən qoşulanların olduğu da bildirilir. Bunların Müsəlman Birliyi Hərəkatının üzvləri Abbas Hüseynov, Cabbar Cabbarov, həmçinin jurnalist Polad Aslanov olduğu deyilir.
Bu barədə həmin məhbusların yaxınları məlumat yayıblar. Amma bu məlumata, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
A.Hüseynov və C.Cabbarov da Nardaran hadisələri ilə bağlı mühakimə ediliblər. A.Hüseynov 20, C.Cabbarov 19 il həbs cəzası alıb.
2019-cu ildə tutulan P.Aslanov isə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə - dövlətə xəyanətdə təqsirli bilinərək 16 il həbs cəzası alıb.
Onların heç biri həbsini düzgün saymır.