Taleh Bağırov: 'Kart udmağa görə mən cəzalanıramsa, bəs xalqın malını udanlar...'

Taleh Bağırov

"Bu il Cümhuriyyətin 100 illiyidir. Xalq Cümhuriyyəti ilk dəfə Şərqdə qadınlara səsvermə hüququ tanıyıb. Azərbaycanın mövcud hakimiyyəti də Cümhuriyyətin davamçısı olduğunu iddia edir. Amma siyasi baxışlarına görə qadınları həbsxanaya salır. Konkret, Gözəl Bayramlı bu gün siyasi fəaliyyətinə görə həbsdədir...", – Müsəlman Birliyi" hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov fevralın 6-da məhkəmədə ifadə verərkən belə deyib.

20 il azadlıqdan məhrum edilmiş T.Bağırov bu dəfə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə Qaradağ Rayon Məhkəməsində mühakimə olunur.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda qanunla qadağan edilmiş məlumat aşkarlanmaması haqda rəy verib.

Buna da bax: Taleh Bağırov haqqında yenidən cinayət işi başlandı

“KARTA GÖRƏ HEÇ KİMƏ CİNAYƏT İŞİ AÇMAYIBLAR”

Fevralın 6-da ilahiyyatçı məhkəmədə ifadə verərkən deyib ki, özünü təqsirli bilmir: "Həmin kartlar mənə aiddir. İçində ölkənin ictimai-siyasi həyatında baş verənlər haqda informasiyalar, dini mövzuda məlumatlar, moizələr var. Azərbaycan vətəndaşı kimi, ölkədə baş verənlər haqda informasiya almaq hüququm var. Mən də məlumatı bu üsulla alırdım. Məhkumların bir çoxunda həmin mini kartlardan var. Həmin kartlara görə heç kimə cinayət işi açmayıblar. Görünür, məndəki kartlarda ölkədəki ictimai-siyasi proseslər barədə məlumatların olması onları qıcıqlandırıb. Özləri də məndən soruşdular ki, sən niyə Əfqan Muxtarlının, Gözəl Bayramlının işi ilə maraqlanırsan?"

T.Bağırov həmin mini kartları udub. İlahiyyatçı deyir ki, əgər kartı udmağa görə cinayət məsuliyyəti varsa, o zaman xalqın malını udanlar niyə cəzalandırılmır: "İlham Əliyev niyə məsuliyyət daşımır? Bu gün bu dəmir barmaqlıqlar arasında mən yox, xalqın sərvətini dədə malı kimi mənimsəyənlər olmalıdı".

Buna da bax: Taleh Bağırov: 'Belələrinin qarşısında sınmayın'

İlahiyyatçıdan sonra şahidlər dindirilib. Şahidlər də Qobustan həbsxanasının əməkdaşları olub - Rauf Nəbiyev, Turab Babayev, Aqil ƏliyevMirxalid Abdullayev. Onlar bildiriblər ki, cinayət işində bəhs olunan mini kartlar Taleh Bağırovda olub və ilahiyyatçı onları udub.

Dindirmə zamanı həbsxana əməkdaşları da təsdiqləyiblər ki, indiyədək mini kartların saxlanmasına görə hansısa məhkuma cinayət işini açılmayıb.

T.Bağırovun vəkili Fariz Namazlı mini kartlarla bağlı rəy vermiş ekspertin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

İş üzrə hal şahidi qismində adı keçən iki nəfər Qobustan həbsxanasında saxlanılan məhkumlardı. Onlar məhkəməyə məktub göndərib. Məktubda yazılıb ki, sağlıq durumlarıyla əlaqədar məhkəməyə gələ bilmirlər, amma ibtidai istintaqdakı ifadələrini təsdiqləyirlər.

Buna da bax: 'Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür'

T.Bağırov deyib ki, heç özü də onların məhkəməyə gəlməsinin tərəfdarı deyil: "Onlar orada cəza çəkirlər və həbsxana rəhbərliyindən asılı vəziyyətdədirlər. Buna görə də gəlib burada həqiqəti deyə bilməyəcəklər. Әminəm, onların adından məktubları da həbsxana əməkdaşları özləri yazıb. Ona görə də narahat olmasınlar, heç mən də onların bura gəlməsini istəmirəm".

Bundan sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Fevralın 13-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edib T.Bağırova cəza istəyəcək.

Buna da bax: 'Bir gün Əliyev hakimiyyətinə xidmət edib çöldə olmaqdansa...'

Xatırlatma

T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, altı nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. T.Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevin məhkəməsi bir müddət öncə yekunlaşıb. Onlara 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.