Britaniya Talibanla əməkdaşlığı istisna eləmir

Böyük Britaniyanın müdafiə naziri Ben Wallace-London,1 sentyabr, 2020

Britaniya bəyan edib ki, əgər Taliban Əfqanıstan hökumətinə daxil olsa London onlarla əməkdaşlıq edəcək.

Reütersin iyulun 14-də verdiyi məlumata görə, Böyük Britaniyanın müdafiə naziri Ben Wallace “Daily Telegraph” a müsahibəsində deyib ki, Əfqanıstanda hakimiyyətdə kimin olmasından aslı olmayaraq, Britaniya hökuməti onlarla əməkdaşlıq etməyə hazırdır. Amma bir şərtlə ki, Əfqanıstan hökuməti beynəlxalq normalara riayət etsin.

Amma nazir qeyd edib ki, əgər onlar insan haqlarına qarşı ciddi pozuntulara yol versələr, Britaniya qərarına yenidən baxacaq.

1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olmuş Taliban hərəkatı 20 ildir ki, Qərbin dəstəklədiyi Kabil hökumətini devirməyə çalışır.

ABŞ və NATO qüvvələri bu yaxınlarda Əfqanıstanı tərk etməyə başladıqdan sonra talibançılar ölkənin şimalında xeyli ərazini nəzarətə götürüblər.

Amma Ben Wallace etiraf edib ki, Talibanla əməkdaşlıq asan olmayacaq. O qeyd edib ki, Taliban beynəlxalq aləm tərəfindən tanınmasını istəyir.

“Onlara milli quruculuq işində maliyyə imkanı və dəstək lazımdır.Amma bunu terrorçuluqla etmək mümkün deyil”,deyə nazir vurğulayıb. Ben Wallace bildirib ki, Taliban sülhə tərəfdaş olmalıdır, əks halda əvvəlki kimi təcrid vəziyyətdə qalacaq.O, Taliban və Əfqanıstan prezidenti Əşrəf Qanini uzun münaqişədən sonra ölkədə sabitliyə nail olmaq üçün əməkdaşlığa çağırıb.

Əfqanıstan hökumətinin səlahiyyətli nümayəndələri bu həftə Talibanla danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohaya yollanacaq.

Taliban rəsmisi ötən həftə bildirib ki, hazırda Əfqanıstan ərazisinin 85 faizi onların nəzarətindədir.

Taliban həmçinin qəti şəkildə, Türkiyənin Əfqanıstanda hərbi iştirakına qarşı çıxır.Qeyd edək ki, Türkiyə bu günlərdə bəyan edib ki, Kabil hava limanının mühavizəsini öz üzərinə götürə bilər və hazırda bununla bağlı Birləşmiş Ştatlarla danıçıqlar aparır.