«Gecə hamını evə buraxdılar. Amma həyat yoldaşımla qızımın halı pisləşdiyindən onları Sabirabaddakı xəstəxanaya yerləşdirdik. Qızım Nuridənin vəziyyəti xüsusilə narahatlıq doğurur. Halı pisləşən vaxt maşında yıxılıb və başı da əzilib. Üstəlik, qıcolma da keçirib. İndi nəfəs almağı çətinləşdiyindən onu aparata qoşublar».
Sabirabad rayonunun Nəsimi kəndinin sakini Əziz Dadaşov belə deyir. Onun bildirməsinə görə, evə buraxılanların da bəziləri özlərini pis hiss etdiyindən yenidən xəstəxanaya qaytarılıblar:
«Zəhərlənənləri bu dəfə Sabirabad Mərkəzi Xəstəxanasına gətirirlər. İki nəfərin vəziyyəti yaxşı deyil, bir azdan onları Bakıya yola salacaqlar. Bilmirik, bu nə bəladır...».
Evdə 1 yaş 3 aylıq uşaq qalıb
Ə.Dadaşovun bacısı Rəhimə Dadaşova ilə söhbət edirik. Qadın xəstəxanada olduğu müddətdə özündən çox evdə qalan körpə uşağına görə narahatlıq keçirdiyini deyir:
«Qızım böyükdür- 13 yaşı var. Amma oğlum 1 yaş 3 aylıqdır. O, ana südü ilə qidalanır. Dünən uşaq ac qalıb. Allaha şükür ki, bu xəstəlik onu yedirtməyimə əngəl olmadı».
R.Dadaşova bildirir ki, işsizlik səbəbindən kəndlərində yaşayan xeyli qadın tarla işinə cəlb olunub:
«Həyat yoldaşımdan ayrılıb ata evinə qayıtmışam. Özüm və iki uşaq yaşlı valideynlərim üçün yükdür. Ona görə işləməyə məcburam. Kənddə çox adam tarlaya gedir. Başqa iş yoxdur axı».
«Demə, dərman dörd gün əvvəl səpildiyindən...»
R.Dadaşova belə bir halla ilk dəfədir üzləşdiklərini deyir:
«İşə bir yerdə gedib-gəlirik. Amma kiçik qruplara bölünüb işləyirik. Həmin sahədə keçən il də işləmişik, bir ay əvvəl də. Demə, dərman dörd gün əvvəl səpildiyindən orada işləmək təhlükəli imiş. Bunu bilən olmayıb. O sahədə yeddi nəfər işləyib. Qayıdanbaş onların halı pisləşmişdi. Əslində ertədən özlərini pis hiss edirlər, elə düşünüblər günvurmadır. Onlarla təmasda olanda biz də yoluxduq. Hətta yardım göstərən tibb işçisi də zəhərləndi...».
Bu deyilənlərə Sabirabad Mərkəzi Rayon Xəstəxanasından münasibət öyrənmək mümkün olmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
İyunun 10-da Saatlı rayonunun Simadakənd kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini «kimyəvi dərman zəhərlənməsi» diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 4 nəfərinin durumu nisbətən ağır olduğundan iyunun 11-də Bakıya gətirilmişdilər.
Qalan 18 nəfərin isə xəstəxanadan buraxıldığı açıqlanmışdı.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma-ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.