Tehran neft tankerinə hücumda əli olmadığını deyir

Mercer Street tankeri

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə Tehranın hücumun arxasında durması iddialarını “əsassız” adlandırıb

Birləşmiş Ştatlar və Britaniya da İsrailə qoşularaq İranı ötən həftə neft tankerinə hücumda ittiham edir. Oman sahillərində İsrailin idarə etdiyi tankerə hücum zamanı bir britaniyalı və bir rumıniyalı həlak olub.

Liberiya bayrağıyla üzən, Yaponiyaya məxsus “Mercer Street” tankeri iyulun 27-də hücuma məruz qalıb. Bu, son illər regionda kommersiya gəmiçiliyinə ilk ölümcül hücum idi. Xarici ölkə liderləri isə onu İranla yaranmış gərginliyə bağlayıblar.

Buna da bax: İsrail tankerə hücuma görə İranı ittiham edir

Britaniya və ABŞ-ın bəyanatları

“Bu hücumun İran tərəfindən beynəlxalq hüququn bilərəkdən, hədəfli və aydın pozuntusu olmasına inanırıq”, – Britaniyanın Xarici işlər naziri Dominik Raab deyib.

O, Britaniya ilə müttəfiqlərinin hücuma koordinasiyalı reaksiya planlaşdırdığını sözlərinə əlavə edib.

ABŞ-ın Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, “bu hücumu əsaslandırmaq mümkün deyil, bir sıra hücumların və döyüşkən davranışın davamıdır”.

Buna da bax: Avropa Birliyi Belarus hakimiyyətini sərt tənqid edib

İsrailin Baş naziri Naftali Bennet isə İranı insident üçün “məsuliyyətdən yaxasını kənara çəkmək cəhdində” suçlayıb, Tehranın inkarını “qorxaqlıq” adlandırıb.

ABŞ donanmasının iyulun 31-də bildirməsinə görə, “Mercer Street” “dron zərbəsi”nə məruz qalıb. USS Ronald Reagan təyyarədaşıyan gəmisi və USS Mitscher eskadronu tankeri təhlükəsiz limana aparır.

“Mercer Street” tankerini Londonda yerləşən, israilli milyarder Eyal Oferin “Zodiac Group” şirkətinə aid “Zodiac Maritime” idarə edir.



Buna da bax: İsrailin NSO şirkətinin  ofislərində ‘axtarış’ aparıldığı deyilir

İranın cavabı

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə Tehranın hücumun arxasında durması iddialarını “əsassız” adlandırıb.

O, avqustun 1-də həftəlik mətbuat konfransında deyib ki, İsrail “təhlükə, terror və zorakılıq yaradır” və “İranın hücumda əli olması ittihamları Tehran tərəfindən pislənir”.

İran ötən il baş nüvə aliminin qətlində, nüvə obyektlərinə hücumlarda İsraili günahlandırır.

Buna da bax: Gürcüstanda itkin düşən avstraliyalı qızın cəsədi tapılıb

İran hökumətinin ərəbdilli televiziya şəbəkəsinə daxil Al Alam TV adını çəkmədiyi mənbələrə istinadla xəbər verib ki, bu hücum İsrailin Suriyada bir aeroporta şübhəli zərbəsinə cavab olub.

İsrail indiyədək Suriyada İrana bağlı hədəflərə yüzlərlə raket zərbəsi endirib. Son aylar isə hər iki ölkəyə aid gəmilər Yaxın Şərqi əhatələyən sularda hücumlara məruz qalıb.

2018-ci ildə ABŞ-ın ovaxtkı Prezidenti Donald Tramp İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra Fars Körfəzində gərginlik artıb.