Noyabrın 25-dən tələbə krediti almağa müraciətlərin qəbuluna başlanıb. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, tələbə kreditinin "standart" və "sosial" növləri mövcuddur. Bildirildiyinə görə, sosial kreditdən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvləri istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək: "Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir. (təhsil səviyyəsindən asılı olaraq 15-22 il)".
Açıqlamaya görə, təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır, onun qaytarılması tələb olunmur. Üstəlik, təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunmalıdır. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarmalıdır.
Ekspert rəyi: "Ən çətini Azərbaycandadır"
Təhsil üzrə ekspert Kamran Əsədov hesab edir ki, praktikada krediti almaq çətin prosedur qaydalarına görə mümkün olmayacaq: "Dünyada 1960-cı illərdən tələbə kreditlərinin verilməsinə başlanılıb və hazırda 61 ölkədə tələbə kreditləri verilir. Amma ən çətin kredit verilmə şərtləri və prosedur qaydaları Azərbaycandadır".
Sizin brauzer HTML5-i dəstəkləmir
Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi, qeydiyyatı bu məqsədlə yaradılan elektron informasiya sistemi vasitəsi ilə həyata keçiriləcək. Ekspert deyir ki, bunun üçün "ASAN login"ə malik olmaq lazımdır: "Bu portaldan qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır. Lakin nəzərə alınmayıb ki, ölkədə 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Deməli, indi azı 60 min tələbə gedib yeni mobil nömrə almalıdır?.. Mobil operatorlar yalnız valideynlərin birinin notarial təsdiq edilmiş razılığından sonra 18 yaşından aşağı şəxsə mobil nömrə satırlar. Bunlar isə əlavə xərc və vaxt deməkdir".
Fondun başqa tələbinə görə, kredit almaq üçün tələbənin minimum 300 balı olmalıdır. "Bu ciddi məhdudiyyətdir. I qrup üzrə 9 min 866 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 7 min 137 nəfər 300 dən çox bal toplayıb. Amma maraqlıdır ki, I qrupda 10 min 112 dövlət sifarişli, yəni ödənişsiz plan yeri var. Bu o deməkdir ki, I qrupda abituriyentlər 200 balla hətta ödənişsiz ixtisaslara qəbul ola biliblər", - K.Əsədov deyir. Onun vurğulamasına görə, digər qruplarda da vəziyyət təqribən oxşardır: "...Bu o deməkdir ki, kredit almaq üçün əksər tələbələr müraciət edə bilməyəcəklər, çünki 300-dən yuxarı balları olsaydı, elə dövlət sifarişi olan ixtisaslara qəbul olardılar".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Kredit faizləri hədsiz dərəcədə yüksəkdir"
Ekspertin fikrincə, təklif edilən kredit faizləri hədsiz dərəcədə yüksəkdir: "Standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi maneə olur. Bu, sonda verilən məbləğin iki dəfədən çox qaytarılması ilə nəticələnəcək".
K.Əsədov xatırladır ki, kredit almaq üçün tələbənin akademik borcu olmamalı və onların ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan yüksək olmalıdır: "Hazırda ölkədə 126 min tələbə özü təhsil haqqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək, yalnız 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, ya da akademik göstəriciləri 71 baldan aşağıdır".
Xatırlatma
Bundan əvvəl rəsmi qurumlar tələbə kreditlərinin verilməsinə bu ilin oktyabrından başlanacağını bildirmişdilər. Amma prosesin həmin vaxt başlaması gerçəkləşmədi.