"Azərbaycan təhsili ənənəvi formaya qayıdır". Bunu bu gün, sentyabrın 7-də təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, 2020-ci ilin martından Azərbaycan təhsili də COVID pandemiyası ilə üz-üzə qalıb: "Uzunmüddətli fasilədən sonra Azərbaycan təhsili ənənəvi formaya qayıdır".
Sentyabrın 22-dən…
Amma o qeyd edib ki, ənənəvi təhsil mərhələlərlə təşkil olunacaq. 1-4-cü siniflər sentyabrın 22-dən, 5-11-ci siniflər və ali məktəblər isə sentyabrın 29-dan ənənəvi təhsilə başlayacaq.
Azərbaycanda yeni tədris ili, əslində, sentyabrın 15-də başlamalı idi.
Azərbaycanda koronavirusla bağlı ötən il martın 3-dən məktəblərdə ənənəvi tədris dayandırılıb. Ondan sonra ötən tədris ilinin sonuna (bu il iyunun 15-i) kimi dərslər qarışıq sistemdə (onlayn və ənənəvi qaydada) keçirilib.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə sentyabrın 7-nə kimi ümumilikdə 445 min 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 min 879-nun vəfat etdiyi bildirilib.