Təhsil naziri Emin Əmrullayev bugünlərdə bildirib ki, uşaq bağçaları ilə bağlı yeni qaydaların hazırlanması zamanı çatıb. Onun sözlərinə görə, birinci mərhələdə əsas iş bağçalara şagird qəbulunun qaydaya salınmasıdır: "İkinci işimiz ilk dəfə müəllimlərin, tərbiyəçilərin bağçalara işə qəbulunun vahid formatda aparılmasıdır".
Amma ölkədə lazımı qədər bağçanın olmaması ilə bağlı tez-tez şikayətlər eşidilir. Belə olan halda yeni qaydalar vəziyyəti köklü şəkildə dəyişəcəkmi?
2022-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb. Həmin xərclərin cəmi 376 milyon 858 min 452 manatının məktəbəqədər təhsilə ayrılması nəzərdə tutulub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Nazirlik: "Bağçalarda uşaq qəbulu şəffaflaşacaq"
Təhsil Nazirliyindən "Turan"a bildirilib ki, hazırlanan yeni qaydalara əsasən, şagird və tərbiyəçilərin qəbulunun vahid elektron formatda keçirilməsi nəzərdə tutulur: "Uşaq bağçaları ilə bağlı vahid məlumat sisteminin yaradılması planlaşdırılır. Proses yaxın zamanlarda bitəcək. Bundan sonra bağçalarda uşaq qəbulu və işə qəbul şəffaflaşacaq və asanlaşacaq".
Qurumdan qeyd olunub ki, uşaq bağçalarında qidalanma rasionu ilə bağlı da qaydalar köhnəlib: "Yenisinin tətbiqi zaman tələb edir. Bu istiqamətdə müəyyən pilot layihələr üzərində işlər aparılaraq nəticələr ictimaiyyətə təqdim olunacaq".
Nazirlikdən habelə vurğulanıb ki, gələcək illərdə yeni uşaq bağçalarının tikilməsi mümkün ola bilər: "Bağçalar nazirliyin balansına az müddətdir verilib. Bu səbəbdən hazırda araşdırma mərhələsindəyik".
"Uşaq bağçaları 20 il geri düşdü"
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, hazırda ölkədə 1 min 693 dövlət uşaq bağçası var və orada 123 min uşaq təhsil alır: "2011-ci ildə prezident uşaq bağçalarını icra hakimiyyətlərinə verdi və bundan gözləntilərimiz daha böyük idi. Amma 10 il ərzində orada hər hansı inkişaf görmədik. Bu 10 il ərzində uşaq bağçaları 20 il geri düşdü. 2021-ci ildə ölkə başçısı yenidən uşaq bağçalarını Təhsil Nazirliyinə qaytardı".
Ekspertin sözlərinə görə, 2011-2021-ci illərdə uşaqların bağçalara qəbulu şəffaf olmayıb: "Bir çox hallarda kim pul verirdisə, onun uşağını bağçaya götürürdülər. İşə qəbul prosesi müsabiqə yolu ilə keçirilmirdi, icra hakimiyyətləri kimi istəyirdilər işə qəbul edirdilər".
K.Əsədov deyir ki, artıq proses dəyişib: "Hər kəs yaşadığı əraziyə yaxın bağçaya müraciət edə biləcək və kənar yerlərdə bağçada yer boş qalarsa, ora müraciət etmək hüququ qazanacaq. Bu, şəffaflıq üçün çox vacibdir".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Özəl bağçalar vergilərdən azad olunsun"
K.Əsədovun fikrincə, uşaq bağçalarına işə yalnız ali və orta ixtisas təhsili olan şəxslər qəbul edilməlidir. O da hesab edir ki, bağçaların sayı həddindən artıq azdır: "Biz təklif etmişik ki, bu sahədə özəl sektor vergilərdən azad olunsun. Bakıda cəmi 240 uşaq bağçası var. Azərbaycan üzrə uşaqların cəmi 25 faizi uşaq bağçalarına cəlb edilir. Elə regionlar var ki, -məsələn, Qax, Zaqatala, Daşkəsən, Gədəbəy - orada uşaqların 2 faizi belə uşaq bağçalara getmir".
Yazıda səslənən fikirlərə icra hakimiyyətlərindən münasibət almaq mümkün olmayıb. Amma əvvəllər istər Bakı şəhər İcra Hakimiyyətindən, istərsə də digər yerli icra orqanlarından bağçalarda monitorinqlər aparıldığını, neqativ halların aradan qaldırıldığını bildirirdilər.