►Namizədlər kimdir?
İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində parlamentə təkrar seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçki dairəsi üzrə 7 nəfərin namizədliyi qeydə alınıb.
Məlumatda səsvermənin saat 08:00-da başlayıb, 19:00-da bitəcəyi bildirilir.
Namizədlərdən 5-i bitərəfdir. Qalan iki nəfərin siyasi mənsubiyyəti var. Onlardan biri -Cavid Osmanov hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. O, YAP-ın Ağdaş rayon təşkilatının sədridir.
İkincisi isə Ümid Partiyasının sədri İqbal Ağzadədir.
Təkrar seçkilərin keçiriləcəyi dairənin 10 məntəqəsində veb-kameraların quraşdırıldığı bildirilir.
Seçkiləri bütövlükdə 500-dən artıq yerli müşahidəçilərin izləyəcəyi söylənir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinə daxil olan deputat Alan Desteks , bu qurumun Azərbaycan üzrə Monitorinq komitəsinin həmsədrləri, avstriyalı deputat Stefan Schennach və rumıniyalı deputat Cezar Florin Preda da seçkini müşahidə etməlidir.
MSK-da müşahidə aparmaqdan ötrü ümumilikdə 5 AŞPA təmsilçisi qeydiyyatdan keçib.
Azərbaycanda sonuncu parlament seçkiləri ötən il noyabrın 1-də keçirilmişdi. Həmin seçkidə yenə hakim Yeni Azərbaycan Partiyası böyük üstünlük qazanmışdı. 90 saylı Ağdaş Seçki Dairəsində də ilkin qalib kimi Çingiz Əsədullayev elan edilmişdi. Ancaq sonradan MSK həmin dairədə nəticələri ləğv etmişdi. O vaxt mətbuat bunu Ç Əsədullayevin işdən çıxarılan Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun qohum olması ilə izah etdi.
MSK-nın qərarında deyilirdi ki, 90 saylı Ağdaş seçki dairəsində 17 məntəqədə pozuntulara yol verilib.
Milli Şura və Müsavat partiyası isə həmin seçkiləri baykot etmişdilər. Onlar Azərbaycanda bütün dairələr üzrə təkrar seçkilərin keçirilməsini istəyirlər.