Tələbələr yaşam təqaüdü, yataqxana… istəyirlər

Təhsil Nazirliyinin qarşısında aksiya. 5 may 2022

Mayın 5-də "Tələbə Güc Mərkəzi" təşkilatının təmsilçiləri Təhsil Nazirliyinin qarşısında etiraz aksiyasını keçirib. Aksiya iştirakçıları "Çayxana deyilsiz, fəaliyyət göstərin" plakatı açaraq təhsildə çatışmazlıqların həll olunmasını tələb ediblər.

"Aksiya təhsil sahəsində fundamental problemlərlə bağlıdır. Biz düşünürük ki, Təhsil Nazirliyi fəaliyyətsizdir", - aksiya iştirakçıları vurğulayıb.

Onlar bəyanat da oxuyublar. Bəyanata qeyd edilib ki, hazırda Azərbaycan universitetlərində və təhsil sistemində despotiya hökm sürür. Müəlliflər habelə hesab edirlər ki, dövlət universitetlərində pulsuz təhsil təmin olunmalıdır: "Təhsilin keyfiyyəti artırılsın, ... tələbələrin iqtisadi problemləri nəzərə alınaraq yaşam təqaüdü tətbiq edilsin, yataqxana problemi həll olunsun... Tələbələrin siyasi baxışlarına, fərqli mövqeyinə, dininə, cinsinə və orientasiyasına görə ayrıseçkiliyə son qoyulsun".

Aksiya iştirakçıları həmçinin, məktəblərdə ana dilində təhsil, universitetlərdə rektorun seçki yolu ilə müəyyənləşməsi və rüşvətə yol verən universitet rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Oraya gələn polis və Təhsil Nazirliyinin əməkdaşı aksiya iştirakçılarını Təhsil Nazirliyinə qəbula dəvət ediblər.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən, hələlik, ayrıca münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkə təhsilində rüşvətxorluqla mübarizədən bəhs edirlər. Habelə qeyd edirlər ki, ali məktəblərdə dövlət hesabına oxuyanların faizi ildən-ilə artırılmaqdadır. Dörd-beş il əvvəl Azərbaycandakı ali məktəblərdəki yerlərin təqribən 70 faizinin ödənişli olduğu bildirilirdi. Amma rəsmi açıqlamalara görə, son illər bu faiz aşağı salınıb.

1990-cı illərin əvvəlində Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın təqribən 20 faiz ərazisi işğal edildikdən sonra tələbə yataqxanalarında, əsasən, məcburi köçkünlər məskunlaşmışdı. İki il əvvəl Azərbaycan işğal altında olan ərazilərinin böyük əksəriyyətinin azad edildiyini açıqlayıb. Amma həmin ərazilərdə, hələlik, məskunlaşma yoxdur.