Cənubi Koreyada Telegram-la bağlı araşdırma aparılır

Telegram

Cənubi Koreyada Telegram şirkətinə qarşı pornodipfeyklərin yayılmasına kömək şübhəsi ilə ilkin təhqiqat başladılıb. Məlumatı "Yonhap" agentliyi verib.

Nəşr qeyd edir ki, avqustun sonunda cəmi dörd gün ərzində 24 şübhəlinin yaydığı dipfeyklərlə bağlı polisə 88 şikayət daxil olub. Polis xüsusilə dipfeyk hazırlayan Telegram-botların, eləcə də belə materialları yayan qrupların fəaliyyətini araşdırır.

Milli Təhqiqatlar Bürosunun başçısı U Çon Su deyib ki, Telegram-la bağlı ilk dəfədir təhqiqat başladılıb, koreyalı təhqiqatçılar bu iş üzrə Fransanın istintaq orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəklər.

Telegram-ın qurucusu Pavel Durov avqustun 24-də axşam Parisin Le-Burje aeroportunda saxlanılıb. O, Fransaya Azərbaycanda şəxsi təyyarədə uçub.

Prokurorluq onunla bağlı 2024-cü ilin fevralında araşdırmaya başladığını bildirib. "Politico" nəşri isə yazıb ki, Durovun həbsinə bu ilin martında order çıxarılıb.

Durov 5 milyon avro girov qarşılığında məhkəmə nəzarətinə buraxılıb.

Fransa hakimiyyəti P.Durovu səlahiyyətli orqanların sorğusu əsasında informasiya, yaxud sənədləri təqdim etməməkdə, eləcə də qanun pozuntularında əlbirlikdə günahlandırırlar. Pozuntular sırasında isə azyaşlılarla pornoqrafiyanın yayılması, narkotiklərin qanunsuz dövriyyəsi, dələduzluq sadalanır.

"Libération" mənbələrə istinadla yazır ki, Durov Parisdə dindirilmə zamanı Fransa xüsusi xidməti ilə əməkdaşlıq etdiyini deyib.