'Tərtər işi'nin icraatı təzələnib

Azərbaycan, Baş prokurorluğun binası, arxiv foto

Məlumatda bildirilir ki, ibtidai istintaqı Baş prokuror xüsusi nəzarətə götürüb, ibtidai araşdırmaya prosessual rəhbərlik isə Baş prokurorun birinci müavininə tapşırılıb

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizlik Xidməti ( DTX) "Tərtər işi" ilə bağlı birgə məlumat yayıb

Məlumatda bildirilir ki, Azərbaycan Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun aylarında həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd davranışlara yol veriblər.

Vurğulandığına görə, onlar müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib, onlara fiziki, psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoyublar.

Qeyd olunur ki, həmin faktlarla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

"Tərtər işi"nə görə yenə prezidentə müraciət edildi

Bildirildiyinə görə, məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum ediliblər:

"Zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Baş prokurorunun müvafiq sərəncamı ilə İşçi qrup yaradılmaqla qeyd olunan cinayət işləri Hərbi Prokurorluqdan tələb edilib ətraflı surətdə öyrənilib.”

Habelə qeyd edilir ki, hər bir qanunazidd əməlin baş vermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün dekabrın 16-da Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib.

O da bildirilir ki, ibtidai istintaqı Baş prokuror xüsusi nəzarətə götürüb, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli, peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb:

“Hazırda müvafiq istintaq-əməliyyat planları əsasında kompleks tədbirlər həyata keçirilir və istintaqın gedişi barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcək”- birgə açıqlamada deyilir.

Buna da bax: Aksiyada: 'Qələbə kasıbların hesabına qazanılıb, nazirlərin yox'

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycanın hüquq mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Birgə rəsmi açıqlamada vurğulanırdı ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq etdi.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin saxlandığı, onlardan neçə nəfərin öldüyü və məhkəmə qərarları ilə bağlı ictimaiyyətə geniş, detallı açıqlama verməyiblər. Məhkəmə qapalı keçirilib.

Lakin bu yaxınlarda Hərbi Prokurorluğun rəhbərliyi həmin proses zamanı ölüm halının olduğunu etiraf edib. Saxlanan hərbi qulluqçuların yaxınları da deyir ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, onların vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin 5-nə də sonradan bəraət verilib.

Müdafiə tərəfinin açıqlamalarına görə, bu cinayət işlərində tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər. Azərbaycanın rəsmi qurumlari isə ictimaiyyətə açıqlamalarında ölkənin cəzaçəkmə müəssisələri və təcridxanalarında işgəncə olması ilə bağlı şikayətləri təkzib edirlər.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi