Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov həbs olunub. Sentyabrın 2-də Bakı Hərbi Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Prokurorluqdakı mənbənin AzadlıqRadiosuna verdiyi məlumata görə, general Baş Prokurorluğun İstintaq İdarəsində araşdırması gedən "Tərtər işi" üzrə məsuliyyətə cəlb olunub. Ona CM-in 341 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələri ilə ittiham irəli sürülüb.
"Bəkir Orucov ittihamları qəbul etməyib, özünü təqsirli bilməyib", - mənbə bildirib.
General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Mənbə vurğulayıb ki, Orucovun həbsi onun Beyləqandakı fəaliyyət dövrü ilə əlaqədardır. 2017-ci ildə Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verilməsi, onlardan bir qisminin ölməsi ilə nəticələnən hadisələr baş verərkən Orucov Beyləqan korpusunun qərargah rəisi vəzifəsində çalışıb.
Orucov haqqında həbs-qətimkan tədbirinin seçilməsi xəbərini Bakı Hərbi Məhkəməsindən də AzadlıqRadiosuna təsdiqləyiblər.
Xatırlatma
2021-ci ilin dekabrında Baş Prokurorluq "Tərtər işi" üzrə istintaqın bərpa edildiyini açıqlayıb. Söhbət 2017-ci ilin mayında Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs olunduğu işdən gedir.
Sonradan bir sıra media orqanları bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zamanı işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yaydı. Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.
İşgəncə nəticəsində ölənlərin bəzilərinə sonradan bəraət verilib. Hüquq müdafiəçiləri ölənlərin sayının 10-dan çox olduğunu bildirirlər, amma bu, rəsmən təsdiqlənməyib.