2017-ci ildə Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verməkdə, hətta onlardan bir neçəsinin ölümünə səbəb olmaqda təqsirləndirilən növbəti qrupun mayın 23-də məhkəməsi başlayıb.
Bu qrupdakı dörd nəfər – Sənan Maşıyev, Ruslan Mikayılov, Elçin Əliyev və Cabir Qəhrəmanov bundan öncə bir dəfə elə Tərtərdəki işgəncələrə görə mühakimə edilib, 2019-cu ilin martında barələrində hökm də çıxarılıb. 2020-ci ildə azadlığa buraxılıblar və 44 günlük müharibədə iştirak ediblər. Buna görə sonradan onlar prezidentin sərəncamı ilə medallarla da təltif olunublar.
Şərti olaraq "Tərtər işi" adlandırılan cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında təzələnəndən bir müddət sonra bu şəxslər yenidən həbs olunublar. Bu cinayət işi çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib.
Adları çəkilən təqsirləndirilənlərdən Ruslan Mikayılov Tərtərdə leytenant rütbəsində xüsusi təyinatlı qrupun komandiri olub. Digər üç nəfər – Maşıyev, Qəhrəmanov və Əliyev isə gizir kimi xidmət edib.
Təqsirləndirilənin vəsatəti
Bundan öncəki dörd və beş nəfərdən ibarət iki qrupun işində olduğu kimi, onların da işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Məhkəmə prosesi isə Sumqayıt Məhkəmə Kompleksinin binasında keçirilir.
Buna da bax: Generalın məhkəməsi: 'Kəlbətinlə ətimi qoparıb, dırnağımı çəkiblər...'Elə ilk məhkəmə iclasında təqsirləndirilən Mikayılov vəsatət qaldırıb ki, jurnalistlərin məhkəmədə çəkiliş aparmasına şərait yaradılsın. Onun sözlərinə görə, dövlət başçısı da, ictimaiyyət də bu hadisələrdə işgəncələrə kimlərin göstəriş verdiyini bilməlidir. O, hüquq-mühafizə orqanlarının bu cinayət işini qərəzli araşdırdığını vurğulayıb: "Zərərçəkmişləri o cür bədbəxt ediblər, bizi də bu cür. Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada hansı nazirlərin, hansı generalların əli olub, bizə göstərişləri kim verib. Mən bunu deyəcəm. Ona görə xahiş edirəm, şərait yaradılsın, media nümayəndələri çəkiliş aparsın. Yoxsa bizim haqqımızda mənfi fikir formalaşdırılır".
"İndi çıxıb cavab versinlər"
Zərərçəkənlər də onunla razılaşıb və bildiriblər ki, əmr verənlərin cəzalandırılmasında maraqlıdırlar. Onlar vurğulayıb ki, həmin şəxslərin indiyədək məsuliyyətdən kənarda qalması da istintaqın obyektiv, ədalətli aparılmadığını göstərir.
"O vaxt DTX, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Müdafiə Nazirliyi məlumat yaymışdı ki, casus şəbəkəsi aşkarlamışıq. İndi çıxıb cavab versinlər. Bu adam deyir ki, nazirlər, generallar olub orada. O adamlar hamısı vəzifələrindədir, mənim 33 yaşında övladım isə əziyyət çəkir. Halbuki mən sağlam oğul göndərmişdim...", – işgəncə nəticəsində sağlamlığını itirmiş Bəhruz Novruzovun anası Aygün Novruzovanın sözləridir.
Bu vəsatət təmin olunmayıb. Hakim izah edib ki, məhkəmədə jurnalistlər iştirak edir. Məhkəmə özü də audio və videoyazı aparır.
Buna da bax: Tərtər işi: 'Dedi ki, səni atdıraram Qarabağ kanalına, şahid də göstərərəm ki...'Təqsirləndirilən şəxslərdən bir neçəsinin vəkili istintaqdan narazılıq edib, işin təkrar araşdırma aparılması üçün prokurorluğa qaytarılması haqda vəsatət qaldırıblar.
Elçin Əliyevin vəkili Türkel Süleymanlı deyir ki, sanki bu üç gizir və bir leytenant ovaxtkı Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova, Hərbi Prokuror Xanlar Vəliyevə, onun tabeliyindəki müstəntiqlərə əmrlər verib, onları Tərtərə gətirdib və s. Vəkilin sözlərinə görə, yüksək vəzifəli şəxslər kənarda qaldığı halda, yalnız Elçin Əliyevgilin məsuliyyətə cəlb olunması belə bir absurd mənzərə yaradır. Müdafiəçi hesab edir ki, cinayət işi istintaqa qaytarılmalı, işə aidiyyəti olan şəxslərin dairəsi müəyyənləşdirilməlidir.
"Nəinki keçmiş qərargah rəisi..."
Təqsirləndirilən Qəhrəmanovun vəkili isə istintaq zamanı çoxsaylı qanun pozuntularına yol verildiyini vurğulayıb. O pozuntuları sadalayan vəkil də işin geri qaytarılmasını istəyib.
Məhkəmədə müxtəlif vəzifəli şəxslərin şahid qismində çağırılıb dindirilməsi haqda da vəsatətlər qaldırılıb. Onların arasında Hərbi prokuror Xanlar Vəliyev, o dövrdə Hərbi Prokurorluğun müstəntiqi olmuş şəxslər, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov, həmin vaxt Hərbi Dəniz Qüvvələrinin rəisi olan Zaur Quliyev, 2017-ci ildə ordu korpusunun komandiri vəzifəsində xidmət etmiş Hikmət Həsənov və başqalarının adları vardı.
"Çox təəssüf ki, bu cinayət işi üzrə istintaq hərtərəfli aparılmayıb. Məsələn, zərərçəkmiş Boris Cəfərova qarşı işgəncə epizodundan məlum olur ki, nəinki keçmiş Qərargah rəisi, hətta indiki Qərargah rəisi Kərim Vəliyev də orada olubmuş", – təqsirləndirilən Maşıyevin vəkili əlavə edib.
Məhkəmədə adları çəkilən yüksək rütbəli şəxslər indiyədək adları hallanan ittihamlara cavab verməyiblər.
Buna da bax: Tərtər işgəncələri: 'Su əvəzinə sidik verirdilər'. 'Polad Həşimov haqda ifadə tələb edirdilər'...Cinayət işi istintaqa qaytarılmayıb
Prokuror cinayət işinin istintaqa qaytarılmasına etiraz edib. Deyib ki, bunun üçün əsas yoxdur. Məhkəmə də cinayət işinin istintaqa qaytarılmasına zərurət görməyib. Məhkəmə baxışı iyunun 7-nə təyin olunub.
Təqsirləndirilən şəxslərə qarşı CM-in 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293-cü (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar) maddələri ilə ittiham irəli sürülüb. İstintaq zamanı onların heç biri özünü təqsirli bilməyib. Məhkəmədə isə prokuror ittiham aktını elan edəndən sonra münasibət bildirəcəklər.
Xatırlatma
2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.
İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə üç qrup üzrə 13 nəfərin işi məhkəməyə göndərilib. Bunlardan hər birində dörd nəfər olan iki qrup Tərtər, beş nəfərlik bir qrup isə Beyləqandakı işgəncə iddiaları ilə əlaqədar mühakimə olunur.
Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.
Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10-dan artıq olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.