Baş Prokurorluq Tərtər hadisələri barədə məlumat yayıb. Məlumatda xatırladılır ki, həmin hadisələrlə bağlı ötən ilin dekabrında cinayət işləri üzrə icraat təzələnib və bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır: "İşgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib".
Bildirilir ki, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib.
Buna da bax: Baş prokuror 'Tərtər işi' ilə bağlı bir qərarı ləğv edir16 şəxs barəsində məhkəmə qərarı ləğv edilib
Qeyd edilir ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə üzləşən, lakin sonradan bu öz təsdiqini tapmamaqla hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı işlər öyrənilərkən prosessual pozuntulara yol verilməsi halları aşkar edilib: "16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya... qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib".
Dörd şəxs həbs edilib
Vurğulanır ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən dörd şəxs də həbs edilib. Onların Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev və Fuad Axundov olduqları bildirilir.
Hələlik, bu açıqlamaya yeni həbs edilən şəxslərin vəkillərindən və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.
Buna da bax: 'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işiXatırlatma
2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Birgə rəsmi açıqlamada vurğulanırdı ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi. Lakin bu yaxınlarda Hərbi Prokurorluğun rəhbərliyi həmin proses zamanı ölüm halının olduğunu etiraf edib.
Saxlanan hərbi qulluqçuların yaxınları da deyir ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, onların vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin (hüquq müdafiəçiləri onların sayının 10 civarında olduğunu bildirirlər. Amma bu rəsmən təsdiqlənməyib) beşinə də sonradan bəraət verilib.
Müdafiə tərəfinin açıqlamalarına görə, bu cinayət işlərində tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.