Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanıb. Bu barədə aprelin 23-ü axşam Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İdarə başqa təfərrüatları açıqlamır.
T.İvanovun 49 yaşı var. 2016-cı ilin mayında Rusiya prezidentinin fərmanı ilə o, müdafiə nazirinin müavini təyin edilib.
T.İvanov qoşunların mənzil təminatı, nazirlik obyektlərinin tikintisi və əsaslı təmiri, habelə hərbi ipoteka məsələlərinə nəzarət edir. O, Silahlı Qüvvələrin əsas məbədinin tikintisi ilə də məşğul idi.
Müdafiə nazirinin müavini ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyaları altındadır.
2022-ci ilin dekabrında müxalif siyasətçi Aleksey Navalnının (bu il həbsdə vəfat edib) komandası T.İvanovun ailəsi ilə bağlı araşdırma dərc edib. Bu materialda bildirilirdi ki, İvanovla xanımı Svetlana tətilə, villa və yaxtaların kirayəsi, zinət əşyaları, həmçinin paltarlar üçün 1 milyon avro xərcləyib. Məmurun xanımının şəxsi hesablarını isə Ukraynanın hərbi əməliyyatlar nəticəsində dağılmış Mariupol şəhərinin bərpası ilə məşğul olan şirkət ödəyib.