Ermənistanın Avropa İttifaqındakı (Aİ) səfiri Tiqran Balayanın bu yaxınlarda Brüsseldə keçirilən tədbirdə azərbaycanlı həmkarı Vaqif Sadıqov tərəfindən təhdid olunduğu bildirilir. Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan noyabrın 4-də yerli mediaya deyib.
Onun sözlərinə görə, təhdid və təhqirlər bir diplomatik qəbulda baş verib, Ermənistan tərəfi Belçika hakimiyyəti və Aİ-ni insidentlə bağlı bilgiləndirib.
"İnsident üzrə araşdırma aparılır", – Ovannisyan jurnalistlərə deyib.
İnsident haqda ilk olaraq "Politico" nəşri yazıb, Balayan deyib ki, Sadıqov tədbirdə onu hədələyib. Brüsseldəki Ermənistan səfirliyi isə Belçika paytaxtındakı digər diplomatik missiyalara rəsmi şikayət göndərib.
Hadisənin Brüsseldəki "Tangla" otelində Türkiyə səfirliyinin ölkənin milli bayramı şərəfinə təşkil etdiyi qəbulda baş verdiyi iddia olunur. Nəşr Sadıqovun iddiaları təkzib etdiyini, onları "gülünc" adlandırdığını yazıb.
Azərbaycan Xarici İşlər Nazirliyi, hələlik, bu deyilənlərə münasibət açıqlamayıb.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Ancaq Ermənistanla sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.
Hazırda iki ölkə arasında sülh danışıqları davam edir.