Azərbaycan Tofiq Yaqubluya görə, təzminat ödəyəcək 

Tofiq Yaqublu

Avropa İnsan Hüquqları Məhkəməsi Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun iki şikayəti üzrə bu gün, iyulun 15-də qərarını elan edib.

Hüquqşünas Xalid Ağaliyevin sözlərinə görə, şikayətlər 2012-ci ildə etiraz aksiyaları ilə əlaqədar Tofiq Yaqubluya verilmiş inzibati cəzalarla bağlı olib. Onun qeyd etməsinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən, T.Yaqublunun Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması) maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulduğu tanınıb.

Hüquqşünas qeyd edib ki, qərar qəti olduqdan sonra hökumət T.Yaqubluya mənəvi zərər əvəzi 8000 avro, xərc və məsrəflərə görə isə 1000 avro təzminat ödəməlidir.

O, əlavə edib ki, şikayətlər 2012-ci il 24 və 25 may tarixlərində T.Yaqublunu polisin saxlanılması ilə bağlı olub.

Şikayətə görə, Müsavat Partiyasının üzvü olan T.Yaqublu mayın 24-də, etiraz aksiyasından bir gün əvvəl Bakının Suraxanı rayonu ərazisində saxlanıb və 20 manat cərimə olunub.

Növbəti gün, mayın 25-də T.Yaqublunun metronun “Sahil” stansiyasının yaxınlığında oğlu ilə birlikdə yenidən saxlandığı qeyd edilir. Bu dəfə onun bir gün polisdə saxlandığı və yenidən 20 manat cərimə olunaraq sərbəst buraxıldığı vurğulanıb.

T.Yaqublu bu məsələlərlə bağlı yerli məhkəmələrə şikayət edib. Amma onun şikayətləri əsassız sayılıb.

Bu qərara, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Müxalif siyasətçi ixtişaş salma ittihamı ilə də bir neçə il həbsdə olub.Hazırda isə xuliqanlıqda ittiham edilən siyasətçi ev dustağıdır.Bütün bu ittihamların siyasi məqsəd daşıdığını və qurama olduğunu deyən siayasətçi Azərbaycanda ev dustağı olduğundan bu günlər qonşu Gürcüstanda vəfat edən anasının dəfninə qatıla bilməyib.Halbuki, onun vəkilinin rəsmi qurumlara bundan ötrü müraciət etdiyi açıqlanmışdı. T.Yaqublunun qeyd etməsinə görə, müraciətə cavab verilməyib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məqsədli həbs və təzyiqlərin olması ilə bağlı şikayətləri əsassız sayırlar.