Azərbaycanın 10 idmançısı mübarizəyə qoşulur

Tokio Olimpiyadası, Azərbaycan idmançıları, 23 iyul 2021

"Tokio-2020" Yay Olimpiya Oyunlarının ikinci günündə - iyulun 24-də Azərbaycanın 10 idmançısı mübarizəyə qoşulur.
İyulun 24-də Azərbaycan atletləri idmanın 6 növündə güclərini sınayacaqlar. Onlardan 3-ü boksçudur. Tayfur Əliyev (57 kq) vyetnamlı Duonq van Nguyen, Lorenso Sotomoyor (69 kq) gürcüstanlı Eskerxan Madiev, Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşmalıdır.

Kişilər arasında idman gimnastikası yarışlarında isə Azərbaycanı İvan Tixonov təmsil edəcək. Velosiped idmanının şose növündə də Azərbaycan təmsilçisi Elçin Əsədov medallar uğrunda mübarizə aparacaq. Habelə, on metr məsafəyə tapançadan güllə atma yarışlarında da Azərbaycanı Ruslan Lunyov təmsil edəcək.

İyulun 24-də mübarizəyə qoşulan daha 4 idmançı isə cüdo və üzgüçülük növündə çıxış etməlidirlər.

Cüdoda kişilərin yarışında mübarizə aparacaq Kəramət Hüseynov (60 kq) Eşli MakKenzi (Böyük Britaniya) ilə üz-üzə gəlməlidir. Qadın cüdoçu Aişə Qurbanlı (48 kq) isə portuqaliyalı Katarina Kosta ilə qarşılaşmalıdır.

Üzgüçülük yarışlarında da Azərbaycanın iki idmançısı qüvvəsini sınayacaq. Maksim Şemberev 400 metr məsafəyə qarışıq, Məryəm Şeyxəlizadəxangah isə 100 metr məsafəyə batterflay yarışlarında mübarizə aparmlıdır.

Tokio Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi iyulun 23-də keçirilib.

Azərbaycan milli komandası “Tokio-2020”də ümumilikdə 44 idmançı ilə təmsil olunur. Yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan Olimpiya komandası, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb.

Ölkənin Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan Azərbaycan 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.
“Tokio-2020”də ən böyük heyət ABŞ komandasına məxsusdur. Yarışda ABŞ-ı 613 atlet təmsil etməlidir.
Olimpiada avqustun 8-dək davam edəcək.

"Tokio-2020" Yay Olimpiya Oyunları adından da göründüyü kimi 2020-ci ildə keçirilməliydi. Amma koronavirus pandemiyası üzündən təxirə salınmışdı.