Keçmiş müdafiə naziri Tonoyanın evində axtarış aparıldığı xəbər verilir

Keçmiş müdafiə naziri David Tonoyan

Bəzi məlumatlara görə axtarışlar keyfiyyətsiz raketlərlə bağlı cinayət işinin çərçivəsində keçirilib

Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin müavini Stepan Qalstyan sentyabrın 29-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub.

Bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidməti - Azatutyuna baş qərargahın informasiya şöbəsinin rəisi Samvel Asatryan verib.

O hadisənin təfərrüatları barədə açıqlama verməkdən imtina edib.

Azatutyun etibarlı mənbələrə istinadən yazır ki, MTX-yə ölkənin keçmiş müdafiə naziri David Tonoyan da dəvət edilib.

Qraparak qəzetinin verdiyi məlumata görə Tonoyanın və silahlı qüvvələrin bir neçə başqa yüksək rütbəli zabitlərinin evlərində axtarış aparılıb.

Azatutyun bildirir ki, onun çəkiliş qrupu Tonoyanın yaşayış yerinə getsə də, qapını açan olmayıb.

Bəzi məlumatlara görə axtarışlar keyfiyyətsiz raketlərlə bağlı cinayət işinin çərçivəsində keçirilib.

Bugünlərdə MTX xəbər vermişdi ki, bu iş üzrə saxlanmış şəxs, təchizatçı şirkətlərdən birinin hələ 2011-ci ildə istifadə vaxtı bitmiş raketlər gətirdiyini bilsə də, bu raketləri almışdı.

Həmin vaxt Ermənistan silahlı qüvvələri aviasiya idarəsinin rəisi olmuş bu şəxsin aldığı raketlərə dövlət büdcəsindən 4.7 milyon dollar ödənmişdi.

Buna da bax: Ermənistanda Şuşanın itirilməsi ilə bağlı 150 nəfər dindirilib

“Yeni ərazilər üçün yeni müharibə” sitatının müəllifi

MTX bildirirdi ki, 44 günlük müharibə zamanı bu raketlərdən istifadə etmək mümkün olmayıb. Bundan əlavə bu raketlərin bir hissəsi bir müddətdən sonra çıxdaş edilmiş və silahlı qüvvələrin balansından silinmişdi.

MTX həmin yüksək vəzifəli hərbçinin şəxsiyyətini açıqlamayıb.

Lakin Azatutuyun yazır ki, 2009-cu ildən 2019-cu ilədək aviasuya idarəsinin rəisi vəzifəsini general-mayor Avetik Muradyan tuturdu.

David Tonoyana gəlincə isə, o 2017-ci ildən 2020-ci ilin 20 noyabrınadək Ermənistanın müdafiə naziri olub.

O 2019-cu ilin martında Nyu Yorkda erməni icmasının qarşısında çıxış edərkən demişdi:

“Müdafiə naziri kimi elan edirəm ki, bu köhnə format, “sülh əvəzinə ərazi mübadiləsini” dəyişmişəm. Biz əksini edirik – “yeni ərazilər üçün yeni müharibə””.

İkinci Qarabağ Müharibəsinin başlanmasına ilyarım qalırdı.