'Toplum TV' işi üzrə həbs müddətləri uzadılıb

Toplum TV-nin ofisi martın 6-da möhürlənib

"Toplum" İnternet Televiziyası (İT) işi üzrə tutulan şəxslərin həbs-qətimkan tədbirinin müddəti 2025-ci il aprelin 6-dək uzadılıb.

Dekabrın 27-də Xətai rayon Məhkəməsində istintaq orqanının III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə "Toplum" İT-nin təsisçi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbarın həbs müddətinin 3 ay uzadılması ilə bağlı vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib.

Müdafiə tərəfinin fikrincə, həm vəsatətin, həm də məhkəmə qərarının hüquqi əsası yoxdur. Vəkillər qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Proseslər zamanı müdafiə tərəfi jurnalistlərin barəsində seçilmiş həbs-qətimkan tədbirini digər, həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəzlənməsi barəsində vəsatətlə çıxış etsələr də, həmin vəsatət təmin olunmayıb.

A.Qurbanov, R.Babayev, İ.Əmrahov, Ə.Zeynal və M.Cabbar bu il martın 6-da, R.İzzətli və Ə.Məmmədli isə martın 8-də həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və onlar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Sonradan bu həbs müddəti iki dəfə uzadılmışdı.

Onlar özlərini təqsirli bilmir və həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.