Dünən, yanvarın 17-də "Ecofront" təşkilatının fəalı Tovuz rayonunda, Ceyrançöl deyilən ərazidə körfəz ölkələrindən gələn turistlərin ov düşərgəsinə baxış keçirərkən hücuma məruz qaldığını bildirib.
Təşkilatın fəalı Kənan Xəlilzadə AzadlıqRadiosuna deyib ki, bəzi turistlər əraziyə "Qırmızı kitab"a salınmış bəzgək quşlarını şahinlərlə ovlamaq üçün gəlib: "Biz quraşdırılmış çadırlara yaxınlaşanda özünü bələdçi və Ceyrançöldə 640 hektar torpağı icarəyə götürən şəxs kimi təqdim edən, amma adını deməyən bir adam mənə hücum çəkdi. O, əlimdən telefonumu almağa çalışırdı, çəkilişə icazə vermirdi".
Fəal qeyd edib ki, həmin şəxs xarici turist yox, yerli olub, xəsarət almadığına görə ekspertizadan keçməyib.
Ceyrançöldə ov edən, ona icazə alan şəxslərin kimliyini müəyyən etmək və onlardan bu iddialara münasibət almaq mümkün olmayıb.
DİN: "Müraciət daxil olmayıb"
Amma Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Turan"a bildirilib ki, həmin şəxslər bir neçə gün əvvəl Tovuzun Ceyrançöl ərazisinə gəldikdə rayon polis şöbəsinin əməkdaşları araşdırmalar aparıb: "Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər müvafiq qurumların rəsmi icazəsi və rəsmi müşayiəti ilə gəliblər".
Fəalın hücuma məruz qalması ilə bağlı deyilənlərə gəlincə isə, qurumdan qeyd olunub ki, nə Daxili İşlər Nazirliyinin "102" Xidmətinə, nə də Tovuz Rayon Polis Şöbəsinə həmin iddia ilə bağlı hər hansı müraciət daxil olub: "Amma məsələ diqqətdədir. Bundan sonra müvafiq araşdırmalar aparılacaq".
Sizin brauzer HTML5-i dəstəkləmir
Ekologiya Nazirliyi: "Qanunsuz ov…"
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova da "Turan"a deyib ki, hazırda Azərbaycanda ov mövsümü açıqdır. Onun vurğulamasına görə, fevralın sonuna qədər su-bataqlıq quşları və bəzi məməli heyvanlar üçün ov mövsümü davam edəcək: "Ov mövsümündə yerli və xarici ovçular üçün icazələrin verilməsi qanunvericilikdə nəzərdə tutulub".
O qeyd edib ki, 2019-cu ildən etibarən xarici vətəndaşlara və ya onların təmsilçilərinə ov lisenziyalarını 5 saylı Bakı "ASAN Xidmət" mərkəzi verir və hazırda bir neçə şirkətə ov icazəsi verilib: "Bir neçə gün əvvəl Ceyrançöl ərazisinə nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilib, lakin heç bir qanunsuz ov aparılması faktı aşkar edilməyib. Ərazi nəzarət altındadır, qanunsuz ov halları aşkar edilərsə, dərhal qanunamüvafiq tədbirlər görüləcək".