ABŞ kəşfiyyatı Tramp və Harrisin seçki kampaniyalarına hücumlara görə İranı ittiham edir

Kamala Harris. Donald Tramp

ABŞ kəşfiyyat rəsmiləri avqustun 19-da bildiriblər ki, Donald Trampın (Donald Trump) prezidentlik uğrunda təşviqat kampaniyasına haker hücumuna görə İranın məsuliyyət daşımasından əmindirlər. Kəşfiyyat bunu Tehranın ABŞ siyasətinə müdaxilə, noyabr seçkisinin nəticəsinə potensial təsir göstərməyi hədəfləyən daha "geniş və həyasız" səylərinin tərkib hissəsi sayır.

Kəşfiyyat rəsmiləri əmindirlər ki, İran Kamala Harrisin təşviqat kampaniyasına da haker hücumuna cəhd göstərib.

ABŞ Milli Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu (FTB) və Kibertəhlükəsizlik Agentliyi aparılan təhqiqat nəticəsində belə qənaətə gəlindiyini bildirirlər.

İranın BMT-dəki missiyası isə iddiaları "əsassız" adlandıraraq bildirib ki, İranın seçkiyə müdaxilə etməyə nə motivi, nə niyyəti var.

İttihamlar və İranın cavabı

Məlumatda vurğulanır ki, hakerlər hər iki siyasi partiyanın prezidentlik kampaniyalarına birbaşa çıxışları olan şəxslərə çıxış əldə etməyə çalışıblar.

Federal qurumların bildirdiyinə görə, haker hücumları və digər hərəkətlərin məqsədi təkcə fikir ayrılıqlarını qızışdırmaq olmayıb, həm də nəticələrə təsir göstərməyə çalışıblar. İran noyabr seçkilərini özünün milli təhlükəsizlik maraqları baxımından mümkün əməkdaşlıqdan ötrü xüsusilə əhəmiyyətli sayır.

"Amerikanın Səsi" qeyd edir ki, ilk dəfədir ABŞ hökuməti haker hücumuna görə məsuliyyəti Tehranın üzərinə qoyur.

"İranın ABŞ-da prezident seçkisinə müdaxilə etməyə nə niyyəti, nə motivi var. ABŞ hökuməti öz bəyanatlarının əsaslı olmasına gerçəkdən inanırsa, bizə uyğun sübutları təqdim etməlidir, biz də onlara uyğun formada reaksiya verərik", – İranın BMT-dəki missiyası bildirib.

Avqustun 10-da respublikaçıların prezidentliyə namizədi Donald Trampın seçki qərargahı daxili yazışmalara haker hücumu barədə məlumat verib, bunun arxasında İranın dura biləcəyini açıqlayıb. Respublikaçılar fişinq hücumunun qurbanı olublar.

Avqustun 13-də demokratların namizədi Kamala Harrisin seçki qərargahı da xarici hakerlərin hücumuna məruz qaldığını bildirib. Amma demokratlar başqa detal açıqlamayıblar.