ABŞ prezidenti Donald Tramp hakimiyyətdə olduğu ilk günlərdən bəri prezidentliyindən ölkəsinin təmiz enerji mənbələrinə keçidini yavaşıtmaq üçün istifadə etməyə çalışıb. O, ətraf mühitlə bağlı əsas qanunları bloklayıb və əlinə düşən hər fürsətdə qazıntı mənşəli yanacaq sənayesinə kömək edib.
Ancaq onun külək enerjisinə nifrəti özünü xüsusilə qabarıq göstərib. O, tez-tez külək turbinlərini «eybəcər» adlandırır və onların yerli icmaları zəhərlədiyini deyir. Apreldə o, turbinlərdən gələn səsin xərçəng yaratdığını demişdi. Onun bu qəribə iddiası Amerika Xərçəng Cəmiyyəti tərəfindən rədd edilib.
Seçicilər Trampa qarşı
«Time» jurnalı yazır ki, prezidenti dəstəkləyən əsas ştatlardan olan Ayovada külək enerjisi sahəsi çiçəklənməkdədir. Bu ştatda qeydiyyatdan keçmiş seçicilərin yalnız 1%-i Trampın bu iddiası ilə razıdır. Yel və Corc Meyson universitetlərinin yeni rəy sorğusu bu nəticəyə gəlməyə əsas verir. Respondentlərin 84%-i külək enerjisinin xərçəng yaratmadığını bildiyini, 15%-i isə bu haqda dəqiq məlumatı olmadığını deyib.
Buna da bax: Bərpaolunan enerjiyə yeni təkan gözlənir
Bu nəticələr Trampın 2020-ci il seçkiləri ərəfəsində ekologiya sahəsində üzləşdiyi çətinliklərin, sadəcə, bir nümunəsidir. Amerikalılar iqlim dəyişikliyini anlayırlar və sorğu göstərir ki, onlar Trampın mane olmağa çalışdığı bir çox həll yollarını dəstəkləyirlər.
Külək və günəş bərpaolunan enerji mənbələri siyahısında ən ön sıralardadır. Hətta Ayova kimi Trampın qələbə qazandığı yerlərdə belə, təmiz enerji mənbələrinə qərəzsiz dəstək müşahidə olunur. Bu sahə iş yerləri yaratmağa və vergi bazasını dəstəkləməyə qadirdir. Bəzi torpaq sahibləri hətta öz ərazilərini icarəyə verərək pul da qazanırlar. Sorğunun nəticələrinə görə, ayovalıların ¾-dən çoxu 2050-ci ilədək istifadə etdikləri enerjinin 100%-ni yenilənən mənbələrdən almaq üçün bu sahədə çalışan yerli şirkətləri dəstəkləmək istədiyini deyib. Çoxluq bu keçidin ölkə iqtisadiyyatı, enerji qiymətləri və kənd icmalarına müsbət təsir edəcəyini düşündüyünü deyib.
«Respublikaçı, demokrat – fərqi yoxdur. Onların hamısı külək enerjisini dəstəkləyir, çünki bu, qənaətdir. Biz kənd Amerikasına kömək edirik», – Amerika Külək Enerjisi Assosiasiyasının rəhbəri Tom Kirnan deyir.
Buna da bax: Karbon qazı tullantıları rekord vurur
«Heç kim bunu bilmir»
Tramp bu təzyiqlərə kəskin cavab verib. Prezidentliyinin ilk ilini, əsasən, bütün ətraf mühit məsələlərində nizamlamaya qarşı çıxış edən Tramp iyulda birdən-birə özünün bu sahədəki uğurlarından danışıb. O, çıxışı boyunca administrasiyasının ətraf mühit sahəsində ciddi iş gördüyünü, lakin bu işlərin diqqətdən kənar qaldığını vurğulayıb, buna görə öz komandasının üzvlərini qınayıb. «Biz çox ciddi iş görürük və heç kim bunu bilmir», – Tramp deyib.
Ancaq ictimaiyyəti inandırmaq üçün bir nitq kifayət etməyəcək. Tramp ortaya öz iddialarını müdafiə edən real iş qoymalı olacaq. Külək enerjisinə gəlincə, administrasiya hələ də bu sahənin inkişafına mane olan əngəllər yaratmaqdadır. Elə ötən ayın əvvəli Massaçusets sahillərindəki bir layihə dayandırılıb. Ən əsası isə, görünür, Tramp iqlim sahəsindəki qanunların ləğvinə ara verməyə hazırlaşmır.
Ötən ay «Ayova ştatı yarmarkası» adlı tədbirdə Respublikaçılar Partiyası ətraf mühitin mühafizəsi məsələsində demokratların dəstəklədiyi səfərbərliyin ayovalı fermerlərə baha başa gələcəyini bildirən plakat göstərib.
Ekoloji tənzimləmə ilə bağlı hədələr respublikaçılara Ayova və bu kimi ştatlarda seçkiləri qazanmağa kömək edib. Ancaq sorğu göstərir ki, respublikaçılar seçicilərin diqqətini cəlb etmək üçün demokratların bu sahədə irəli sürdüyü təklifləri tənqid etməkdən daha çox iş görməli olacaqlar.