ABŞ-da Kolorado ştatının Ali Məhkəməsi Trampın prezidentliyə namizədliyini ləğv edib

Donald Tramp Nyu Hempşir ştatında keçirdiyi seçkiqabağı mitinqdə

ABŞ-da Kolorado ştatının Ali Məhkəməsi bu ştatda gələn il keçiriləcək seçkilərdə keçmiş prezident Donald Trampın adının seçki bülleteninə daxil edilməsini qadağan edib.

Əgər bu məhkəmənin qərarı ən yaxın günlərdə ABŞ Ali Məhkəməsi tərəfindən ləğv edilməsə, Tramp bu ştatda keçiriləcək praymerizdə iştirak edə bilməyəcək.

Kolorado məhkəməsi bu qərarını Trampın 2021-ci ilin yanvarında baş verən hadisələrə bağlılığı ilə izah edib. O vaxt Trampın tərəfdarları ABŞ Konqresinin binasına basqın etmişdilər.

Məhkəmə öz qərarını bir qrup seçicinin iddiası əsasında qəbul edib. Həmin qrup iddia edir ki, Donald Tramp Konstitusiyanın 14-cü düzəlişinə əsasən prezident seçilmək hüququna malik deyil.

Buna da bax: Rusiya Ukraynaya dronlarla hücum edir. ABŞ Senatı yardım paketini gələn ilədək səsə qoya bilməyəcək

7 hakimdən 4-ü

Bu düzəlişdə deyilir ki, ABŞ-a sədaqət andı içmiş vəzifəli şəxs Birləşmiş Ştatlara qarşı qiyam və ya üsyanla əlaqəli olarsa, dövlət vəzifəsinə seçilə bilməz.

Bu qərara Kolorado Ali Məhkəməsinin 7 hakimindən 4-ü səs verib. Trampın ABŞ Ali Məhkəməsinə vəsatət verə bilməsi üçün məhkəmə qərarı 2024-cü ilin 4 yanvarınadək qüvvədə olmayacaq.

AP xəbər verir ki, ABŞ Ali Məhkəməsinin əksəriyyətini mühafizəkar hakimlər təşkil edir və üstəlik onlardan üçünü Tramp prezident olarkən təyin edib.

Burası da var ki, Kolorado Ali Məhkəməsinin bütün hakimləri demokrat qubernatorlar tərəfindən təyin ediliblər.

Buna da bax: Azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb

14-cü düzəlişin 3-cü hissəsi

Bu da vurğulanır ki, ABŞ Konstitusiyası 14-cü düzəlişinin 3-cü hissəsindən prezidentliyə namizdəliyin ləğvi üçün ölkə tarixində ilk dəfə istifadə olunur.

Donald Trampın seçkiqabağı qərargahından bildiriblər ki, Kolorado məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklər.

İddiaçılardan biri bu qərarı təkcə “tarixi və ədalətli deyil, həm də ölkədəki demokratiyanın qorunub saxlanması üçün zəruri” adlandırıb.

Bundan əvvəl Minnesota və Miçiqan ştatlarının birinci instansiya məhkəmələri keçmiş prezidentə seçkidə iştirakı qadağan edəcək iddiaları qəbul etməmişdilər. Hazırda Miçiqan ştatının Ali Məhkəməsində buna bənzər iddiaya baxılır.

Miçiqan məhkəməsinin hakimlərindın biri bəyan edib ki, Trampın namizədliyə uyğunluğu məsələsinə ədliyyə yox, Konqres baxa bilər.

Buna da bax: 'Tamaşa, komediya, qurama klounlar şousu': Putin beşinci dönəminə belə yaxınlaşır

İddiaları qaldıran qruplar

Bu məhkəmə işi üçün iddia vermiş təşəbbüs qrupu habelə Oreqon məhkəməsinə iddia ilə müraciət edib.

AP yazır ki, məhkəmələrə müraciət etmiş təşəbbüs qruplarının ikisi də Co Baydeni dəstəkləyən liberal donorlar tərəfindən maliyyələşdirilir.

Federal məhkəmə dekabrın əvvəllərində Trampa qarşı seçkiyə müdaxilə ittihamına xitam verməkdən imtina edib.

Tramp habelə ABŞ Konqresinə basqın ittihamı ilə bağlı cinayət işinin bağlanmasını tələb edib. O bildirib ki, həmin vaxt prezident kimi toxunulmazlığa malik olub.

Trampın vəkilləri sübut etməyə çalışırdılar ki, bu ittihamla keçmiş prezidentin söz azadlığına qəsd edilir. Onların sözlərinə görə bu hüquq ABŞ Konstitusiyasının birinci düzəlişində əksini tapıb.

Hakim isə öz növbəsində demişdi ki, Trampın çağırışları “cinayətkat qəsdi” dəstəkləyib və “seçki prosesinə maneçilik törədib”.