Tramp Rusiyaya niyə rüsum tətbiq etmədi?

Donald Tramp

Donald Tramp

ABŞ Rusiyanı yeni rüsumların tətbiq olunacağı ölkələr siyahısına ona görə salmayıb ki, onunla Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlar aparır. Bunu Ağ evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett "ABC News" telekanalının efirində bildirib.

"Aydındır ki, Rusiya və Ukrayna ilə danışıqlar aparılır. Məncə, prezident bu iki məsələni qarışdırmamaq qərarına gəlib. Bu, Rusiyaya digər ölkələrdən tam fərqli münasibət göstəriləcəyi demək deyil", – o bildirib.

Bundan əvvəl ölkənin maliyyə naziri Skott Bessent "Fox News"a müsahibəsində deyib ki, ABŞ-yə Rusiya məhsulları göndərilmədiyi üçün rüsum tətbiq olunmayıb.

O əlavə edib ki, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir və bu da Moskva ilə ticarəti faktiki olaraq istisna edir.

2024-cü ildə Rusiya-ABŞ ticarət dövriyyəsi 3.5 milyard dollar təşkil edib. Bu, 1992-ci ildən bəri ən aşağı göstəricidir. 2021-ci ildə, Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan öncə isə bu rəqəm 35 milyard dollar idi.

Amma Trampın tarifləri tətbiq etdiyi ölkələr və ərazilər siyahısında yaşayış olmayan Herd və Makdonald adaları var. Dünya Bankının məlumatına görə, 2022-ci ildə ABŞ həmin ərazilərdən 1.4 milyon dollardan çox mal idxal edib.

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp ölkənin ticarət tərəfdaşlarının böyük əksəriyyətinə qarşı ticarət rüsumları açıqlayıb. Avropa İttifaqı ölkələrindən idxala 20 faizlik rüsum tətbiq olunub. Böyük Britaniya üçün 10 faiz, bir sıra ölkələr üçün 40 və daha yüksək faizlik rüsum nəzərdə tutulub.

Çin Maliyyə Nazirliyi cavab olaraq bütün Amerika mallarına əlavə 34 faiz rüsum və bəzi nadir torpaq metallarının ixracına məhdudiyyətlər açıqlayıb.

Aİ cavab tədbirlərinin hazırlandığını bəyan edib. Avropa Komissiyasının rəhbəri Ursula fon Der Lyayenin sözlərinə görə, ABŞ prezidentinin qərarı bütün dünyada biznes və istehlakçılara zərbə olacaq.

Aprelin 4-də CNN telekanalı mənbələrə istinadən bildirib ki, Tramp Vyetnam, Hindistan və İsrail nümayəndələri ilə ixrac rüsumlarını azalda biləcək ticarət müqavilələri bağlamaq imkanını müzakirə edib.

Bu gün, aprelin 7-də İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri gözlənilir.