ABŞ-ın Men ştatı da keçmiş prezident Donald Trampın (Donald Trump) Respublikaçılar Partiyasından ilkin (praymeriz) seçkilərdə namizədliyini verməsini qadağan edib. Qərarı ştatın dövlət katibi Şenna Bellouz (Shenna Lee Bellows) çıxarıb.
Bundan öncə Kolorado ştatında Trampın adının seçki bülleteninə salınması yasaqlanıb.
Bellouz da, Kolorado Ali Məhkəməsi kimi, qərarını Konstitusiyaya 14-cü düzəlişlə əsaslandırıb. Həmin düzəliş qiyam iştirakçılarının seçkiyə getməsini qadağan edir.
Demokrat Partiyasının üzvü olan Bellouz Trampın çoxsaylı opponentləri kimi düşünür ki, o, 2020-ci ildə prezident seçkisinin nəticələrinin ləğvinə çalışıb, 2021-ci ilin yanvarında tərəfdarlarını Kapitoliyə hücuma təhrik edib.
Trampa qarşı oxşar iddialar indiyədək bir sıra ştatlarda qaldırılıb. Minnesota Ali Məhkəməsi noyabrda keçmiş prezidentin seçkidə iştirakını yasaqlamaqdan imtina edib. Miçiqanda isə məhkəmə belə bir qərar çıxarıb ki, Trampın seçki bülletenlərində qalıb-qalmamasına məhkəmə hakimiyyəti deyil, ölkə Konqresi qərar verməlidir. Bu isə məsələnin hüquqi deyil, siyasi olması ilə əsaslandırılıb.
Ştatların ziddiyyətli qərarlarından sonra son instansiya ölkənin Ali Məhkəməsidir. Kolorado ştatının Respublikaçılar Partiyası bu həftə ABŞ Ali Məhkəməsinə şikayət edərək ştat ali məhkəməsinin qərarının dəyişdirilməsini istəyib. Müraciət müəllifləri bildirirlər ki, bu qərar nəticəsində respublikaçıların aparıcı namizədi ilkin və ümumi seçkilərdən kənarlaşdırılıb, "bu isə Amerika demokratiyasının səmtini dəyişir".
ABŞ Ali Məhkəməsinin tezliklə bu iddiaya baxacağı gözlənilir.