ABŞ-də prezident seçilmiş Donal Tramp Rusiya və Ukrayna savaşda "çox sayda" gənci itirdiklərindən sülh danışıqlarını tezliklə başlamaq istəyir. O, Floridadakı mülkündə jurnalistlərə belə deyib.
Tramp yanvarın 20-dəki andiçmə mərasiminədək Rusiya prezidenti Vladimir Putinlə görüşməyi də yersiz sayır: "Sizə bunu deyə bilmərəm, amma bilirəm ki, Putin mənimlə görüşmək istərdi".
Ötən il dekabrın sonunda Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Putinin Trampla görüşünün baş tutmasını şərtləndirən hallar mövcud deyil.
"Asan məsələ deyil"
Seçkiöncəsi kampaniyasında Ukraynadakı savaşı bir günə bitirə biləcəyini deyən Tramp bu dəfə sülhə altı ay ərzində nail ola biləcəyinə ümid bəslədiyini söyləyib: "Ümidvaram ki, bu, altı aydan daha tez baş verəcək".
Tramp əlavə edib ki, Ukraynadakı savaş "asan məsələ" olmasa da, o, onun öhdəsindən gəlməkdə qətiyyətlidir.
Ukrayna rəsmiləri tezbazar danışıqların Rusiya ordusuna tutduğu əraziləri nəzarətdə saxlamaq və yenidən qüvvə toplamaq imkanı verəcəyindən təlaşlanırlar.
Onlar Trampı Ukraynaya hərbi dəstək göstərməyi davam etdirməyə inandırmaq istəyirlər.
Trampın Rusiya və Ukrayna üzrə xüsusi elçisinin səfəri ləğv edilib və yeni tarix müəyyənləşdiriləcək. Xüsusi elçi Kit Kelloqqa savaşı bitirəcək danışıqlara başçılıq etmək tapşırılıb. O, Trampın Ağ evə qayıdışından sonra tərəflər arasında mümkün danışıqların başlaya biləcəyini deyib. Kelloqq ötən ay "Fox News"a müsahibəsində bildirib ki, sülh məsələsi "yaxın aylarda çözülə bilər".
Ukrayna XİN-in rəhbəri Andrey Sibiqa da islandiyalı həmkarıyla görüşündə Kelloqqun ukraynalı rəsmilərlə planlaşdırılan görüşlərini "olduqca önəmli" saydığını vurğulayıb.
"Zamanı yetişəndə bu görüşün baş tutacağına əminəm", - Kiyevdə jurnalistlərə belə deyən Sibiqa ardınca fikrini belə tamamlayıb: "Görüşün mümkün qədər məzmunlu olmasını təmin etmək və vaxtını müəyyənləşdirmək üçün əlaqə saxlayırıq".
Ramştayndakı görüş
ABŞ Müdafiə naziri Lloyd Ostinin yanvarın 9-da Almaniyaya səfəri zamanı Ramştayn hərbi hava bazasında Ukrayna üzrə Müdafiə Kontakt Qrupu çərçivəsində görüşlər keçirməlidir. Bu qrupa ABŞ-nin başçılığı ilə Ukraynaya dəstək verən 50 ölkə daxildir.
Səfər zamanı Bayden administrasiyasının Ukraynaya son ən böyük hərbi yardım paketi qərarının açıqlanacağı gözlənilir. Bu barədə bilgi verən rəsmilər dəqiq məbləği açıqlamasalar da, belə yardım paketini "qaçılmaz" adlandırıblar.
Bu, Kontakt Qrupu çərçivəsində Ostinin sonuncu görüşü olacaq. Ukraynada savaş başlanandan tərəfdaş ölkələr silahlanma, hərbi hazırlıq və yardım məqsədləri üçün Ukraynaya 126 milyard dollardan çox vəsait ayırıb. Bunun 66 milyard dollarlıq bölümü ABŞ-nin payına düşüb.
Bu həftəsonu elan ediləcəyi gözlənilən yardım paketinin məqsədi Trampın andiçməsinədək Ukraynaya silahların böyük bir bölümünü çatdırmaqdır.
Tramp NATO-ya üzv ölkələri ÜDM-lərinin 5 faizini müdafiə xərclərinə ayırmağa çağırıb. Hazırda bu göstərici 2 faizdir. Tramp müttəfiqlərin müdafiə xərclərinə yetərli vəsait ayırmadıqlarını bir daha vurğulayıb.