Türkiyənin e-ticarət platformalarından biri olan "Trendyol" "PAŞA Holdinq" ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Azərbaycanın elektron ticarət sektorunda müştərək şirkət yaradılması nəzərdə tutulub. Ölkə əhalisinin müəyyən qismi onlayn alış-verişin ucuz başa gəldiyini deyir. Ona görə də prezident ailəsinə məxsus holdinqlə belə bir müqavilənin bağlanması birmənalı qarşılanmayıb, bahalanmaya yol aça biləcəyi sarıdan narahatlıq yaradıb.
Türkiyədən tez-tez onlayn alış-veriş edən Səbinə İsmayılova vətəndaşların bahalaşma və digər problemlərlə üzləşəcəyini düşünür. O, beş ildən çoxdur ki, özünə gərəkən geyim əşyalarından təmizlik vasitəsinə kimi hər şeyi ucuz qiymətə aldığını deyir: "Türkiyədən gətirmə şirkətinin xərci ilə birlikdə 15 manata başa gələn köynəyi burada 40 manata satırlar. Özü də keyfiyyətsiz. Şampun, sabunların qiymətində də ən azı 2 manat fərq olur. Ucuz məhsulları büdcəmizə uyğun karqo şirkəti ilə Azərbaycana sifariş edirdik. İndi ortaq şirkət yaradılsa, düşünürəm ki, karqo seçimləri məhdud olacaq. Vergi ödəyəcəklər deyə, bahalaşma başlayacaq...".
Sizin brauzer HTML5-i dəstəkləmir
'Bu, bizim başımızda çatlaya bilər'
Xanım Əliyeva isə Türkiyədən kitab və hədiyyəlik məhsullar gətizdirib Abşeron və Sumqayıt ərazisində satır. Deyir ki, mağazalarda məhsulların bahalaşması fonunda onun kimi elektron ticarətçilərin sayı da artıb: "Mən də dostumun karqo şirkəti vasitəsilə Türkiyədən endirimli məhsullar alıram. Həmin məhsulların üzərinə burada kiçik vəsait qoyub satıram, çörəkpulumu qazanıram. Amma çatdırılma bir damın altına yığılarsa, yalnız üç-dörd karqo şirkətinə verilərsə, bu, bizim başımızda çatlaya bilər. Müqavilənin şərtləri tam bəlli deyil, bəlkə, digər yükdaşımalara da izn verilə bilər, amma vergiyə cəlbolunma və digər qadağalar avtomatik qiymətlərə təsir edə bilər. Hətta qiymətlər elə hala gələ bilər ki, qurduğum onlayn ticarəti bağlaya bilərəm".
Şirkətlər də narahatdır
Onlayn ticarət modelinə əsasən, müştəri məhsulu karqo şirkətlərinin Türkiyə anbarına sifariş edir, şirkətlər də onları ölkəyə gətirir. Vətəndaş da ya Bakı anbarına yaxınlaşaraq məhsulu götürə, ya da şirkət xətti ilə evinə sifariş edə bilər.
Azərbaycanda son illər karqo şirkətlərinin sayı 150-ni keçib. 70-dən çox karqo şirkəti Türkiyədən daimi olaraq məhsul gətirir. Qonşu ölkədən ayda ortalama 500-600 min bağlama məhsul gətirildiyi bildirilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bakıda fəaliyyət göstərən yükdaşıma şirkətlərinin birinin nümayəndəsi Əli Əhmədli yeni müqavilənin onlayn ticarət zənciri qıracağını düşünür. O, müştərək şirkətin kiçik yükdaşıma şirkətlərini bazardan sıxışdırmağa başlayacağı qənaətindədir: "Görünən odur ki, ("PAŞA Holdinq" ilə) əməkdaşlıq başlayınca "Trendyol" Azərbaycana birbaşa çatdırılma edəcək. Bu zaman da onun iki-üç karqo partnyoru olacaq. Nəticədə digər karqo şirkətlərinin bazarda payı kəskin azalacaq, onlar zərərə işləməyə başlayacaqlar. Təbii ki, zərərlə işlədikləri üçün bağlanmalar olacaq. Partnyorluq edilən şirkətlər də, yəqin ki, "PAŞA Holdinq"ə "qohum" şirkətlər, ya da oliqarxların əlaltı müəssisələri olacaq...".
Əhmədli hökumətin hələ ötən ildən yükdaşıma şirkətlərinin bazarda azaldılması niyyətinin olduğunu xatırladır. Belə ki, 2022-ci ilin dekabrında "Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti karqo fəaliyyətinə lisenziya almaqla bağlı tələbləri sərtləşdirməyi təklif etmişdi. Vahid qiymətlər təyin etmək, çox da böyük olmayan bazarda az sayda, lakin keyfiyyətli karqo şirkətləri saxlamaq təklif olunurdu.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qiymətlər qalxacaqmı
Elektron ticarət məsələləri üzrə mütəxəssis Nicat Manafov isə digər yükdaşıma şirkətlərinin də fəaliyyətini davam etdirəcəyini, vətəndaşa seçim imkanı veriləcəyini düşünür. O, sözügedən prosesin bir-iki ilə reallaşa biləcəyini sözlərinə əlavə edir. Manafov bahalaşma proqnozlaşdırmadığını da vurğulayır.
Elə "Trendyol" ilə anlaşmanı imzalayan "PAŞA Holdinq" rəhbəri Cəlal Qasımov da daha sərfəli qiymətlərin və məhsul çeşidlərinə çıxış imkanlarının olacağını bildirib. Lakin müqavilənin detalları hələ ki açıqlanmır.
İqtisadçı ekspert Fərid Abbasovun fikrincə, qiymətlərin bahalaşması üçün real səbəblər yoxdur. Lakin vergiyə cəlbedilmə və ödəniş üsullarının bir sistemdə birləşmə ehtimalı qiymətləri artıra bilər: "Azərbaycan hökuməti israr edirdi ki, yerli nümayəndəlik ilə hesabatlılıq artsın, həm də həmin şirkətin əldə etdiyi gəlirlərdən vergi verilsin. "PAŞA Holdinq" yeni ödəniş sistemləri (PashaPay) yaradıb, yəqin ki, bu sistemlərdən istifadə ediləcək, ödənişlər belə həyata keçiriləcək. Az ehtimaldır, amma yalnız bu holdinqə daxil olan bank ilə ödənişə icazə verilsə, problem yaşanacaq. Lisenziya almaq çətinləşsə, ehtimal edirəm ki, qiyməti artıracaqlar".
Sizin brauzer HTML5-i dəstəkləmir
Abbasov ölkədə azad bazar və rəqabət mühiti olmadığından kiçik yükdaşıma şirkətlərinin əriməsini, böyüklərin daha zəifləri satın almasını gözlənilən sayır.
Heritic Fondunun (Heritage Foundation) "2022-ci il İqtisadi Azadlıq İndeksi"ndə Azərbaycan iqtisadiyyatı "orta azad" hesab olunub. Ölkə rəsmiləri isə ölkədə iqtisadi azadlığın təmin olunduğunu, biznes qurmaq üçün əlverişli şərait yaradıldığını deyirlər.
Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, 2022-ci ilin yanvar-noyabrında Azərbaycana 172 ölkədən 12 milyard 881 milyon dollarlıq məhsul idxal olunub. Ölkəyə gətirilən məhsulların 16 faizi Türkiyənin payına düşür.