“Forbes” dərgisi koronavirus pandemiyasından əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trump haqqında jurnalistlərin müəllifliyi ilə bir neçə kitabın nəşr olunduğunu xatırladır. Bob Vudvordun “Fear” (“Qorxu”), Keyti Turun “Unbelievable” (“İnanılmaz”), eləcə də Laklan Markey və Asavin Syübsenqin “Sinking in the Swamp” (“Bataqlıqda batma”) kitabları bu qəbildəndir. Həmin kitablar arasında özəlliklə seçilən və oxucuların bəyəndiyi sonuncu kitabın hər iki müəllifi “The Daily Beast” nəşrinin yazarlarıdır.
Daha bir neçə kitab satışa çıxır
Yazıda deyilir ki, Trump-ın yardımçıları da onun haqqında kitab nəşr etdirmək üçün “sıraya düzülüblər”. Kliff Sims, Şon Spayser və Con Bolton və bir neçə başqa keçmiş köməkçi Ağ Evin bu dövrünü öz baxış bucağından təsvir edir. Hazırda jurnalistlərin Trump haqqında yazdığı daha bir neçə kitab satışa çıxır. Bu yeni kitablarda ötən ilin olayları, özəlliklə COVID-19 pandemiyası və prezident seçkiləri əksini tapıb.
ABŞ-da iyunun 29-da satışa çıxan — “Nightmare Scenario” (“Kabus senarisi”) kitabının müəllifləri “Washington Post” qəzetinin müxbirləri Yasmin Abutaleb və Damian Palettadır. Kitabda Trump administrasiyasının pandemiya ilə üzləşməsinə, buraxılan səhvlərin və tibb agentliklərinə qarayaxma cəhdlərinin mövcud səhiyyə böhranını daha da dərinləşdirməsinə diqqət çəkilir. Həmin dövrdə bu böhran nəticəsində 600 min amerikalı həyatını itirmişdi.
Yazıda “The Guardian”a dayanaraq, kitabda Trump-ın kovidlə bağlı yersiz zarafatlarına da yer verildiyi deyilir; Donald Trump virusun Con Boltonu “aparmasına” ümid bəslədiyini söyləmiş, kovidə yoluxmuş amerikalıların Quantanamo buxtasına göndərilməsinin mümkünlüyündən söz açmışdı.
“Trump-ın yenilgi hekayəti”?
“The Wall Street Journal” qəzetinin müxbiri Maykl Benderin yazdığı və
iyulun 13-də satışa çıxarılan kitab belə adlanır: “Frankly, We Did Win This Election: The Inside Story of How Trump Lost” (“Düzü, bu seçkini biz udmuşuq: Trump-ın yenilgi hekayəti”). Adından göründüyü kimi, müəllif, əsasən, 2020-ci il seçkilərini hədəfdə saxlayıb.
“I Alone Can Fix It: Donald J. Trump’s Catastrophic Final Year” (“Bunu yalnız mən düzəldə bilərəm: Donald Trump-ın fəlakət dolu sonuncu ili”) adlı kitabı isə iyulun 20-də çapdan çıxmalıdır. Kitabın müəllifləri “Washington Post”un əməkdaşları Kərol Leonniq və Filip Rakerdir. Hər ikisi Pulitzer mükafatı laureatı olan müəlliflər daha öncə birlikdə Trump haqqında “A Very Stable Genius” (“Çox sabit dahi”) adlı başqa bir bestseller yazıb.
Kitabın adı Trampın 2016-cı ildə Respublikaçılar partiyasının qurultayındakı çıxışından götürülüb. “Sistemi heç kim məndən yaxşı bilmir, bu səbəbdən onu yalnız mən düzəldə bilərəm”, - Tramp çıxışında belə demişdi.
Trump hakimiyyətinin son günlərinə aid kitablar
Maykl Volffun Tramp haqqında silsilə kitablarının üçüncüsü iyulun 27-də çıxacaq. Yeni kitab “Landslide: The Final Days of the Trump Presidency” (“Uçqun: Trampın prezidentliyinin son günləri”) adlanır. “Forbes” xatırladır ki, Volffun bu seriyadan olan ilk kitabı ( “Fire and Fury” (“Alov və qəzəb”) 2018-ci ilin bestselleri) Trampı o qədər qəzəbləndirib ki, kitabın çapının dayandırılmasına cəhd göstərib. 2019-cu ildə Volff “Siege: Trump Under Fire” (“Məngənə: Tramp atəş altında”) kitabını çap etdirəndə Tramp Volffun birinci kitabının yalan və əslində olmayan mənbələrlə dolu olduğunu tvitterdə yazmışdı. Bütün bunların fonunda qəribə görünsə də, üçüncü kitab üçün prezidentin özü Volffla danışıb.
“ABC News”un Vaşinqton müxbiri Conatan Karlın noyabrın 16-da satışa çıxacaq “Betrayal” (“Xəyanət”) kitabı da Tramp hakimiyyətinin son həftələrindən söz açır.