CNN jurnalisti məhkəmədə Ağ Evə qalib gəldi, amma...

Prezident Trump və CNN müxbiri Acosta arasında baş vermiş mübahisə anı

ABŞ-da federal hakim Timothy J. Kelly noyabrın 16-da çıxardığı hökmlə Ağ Evdən jurnalist Jim Accosta-nın ondan alınmış akkreditasiya vəsiqəsinin dərhal müxbirə qaytarılmasını tələb edib.

Bu qərar CNN telekanalının prezident Trump-a və onun bir neçə köməkçilərinə qarşı məhkəmə işində ilk qələbəsi sayıla bilər.

CNN-nin məhkəmə şikayətində deyilirdi ki, akkreditasiya vəsiqəsinin ləğvi ilə Acosta-nın Konstitusiyanın 1-ci və 5-ci Düzəlişlərində nəzərdə tutulmuş hüquqları pozuilub.

CNN-nin məhkəmə binasının qarşısında bəyanat verən vəkili Ted Boutrous deyib ki, “bu, Birinci Düzəliş və jurnalistika üçün böyük bir gündür”.

Acosta-nın bəyanatı bundan da qısa olub: “Gəlin işə qayıdaq”.

CNN-nin Vaşinqton bürosunun rəhbəri Sam Feist deyib ki, o, Acosta-nın elə bugün Ağ Evdən reportaj verəcəyini gözləyir.

Ağ Evin mətbuat katibi məhkəmənin qərarını aldıqlarını təsdiqləyib və əlavə edib ki, “biz müxbirin vəsiqəsini müvəqqəti bərpa edəcəyik”.

Sözçü bununla yanaşı bildirib ki, “biz bundan sonra mətbuat konfranslarının nizamla keçməsi üçün qayda və prosesləri inkişaf etdirəcəyik, çünki Ağ Evdə ədəb qaydaları gözlənməlidir”.

Federal hakim qəbul etdiyi qərarın presedent olduğunu xatırladıb və qeyd edib ki, Ağ Evin jurnalist vəsiqəsini yenidən ləğv etmək imkanı açıq qalır.

Ağ Evin sözçüsü Sarah Sanders hakimin bu müddəasından çıxış edərək deyib ki, Birinci Düzəliş Ağ Evə sərbəst giriş üçün hökm vermir.

Lakin hakim Kelly bunu da deyib ki, Sanders-in Acosta-nın guya mətbuat konfransı zamanı mikrofonu ondan almaq istəyən əməkdaş qadına nalayiq şəkildə toxunmasına dair iddiası “çox güman doğru deyil”.

Hakim Kelly vəzifəsinə ötən il Trump tərəfindən təyin edilib və hər iki partiyadan dəstək alıb.

CNN-nin bəyanatında deyilir ki, media qurumu qərardan razıdır və hökmün tam versiyasını yaxın günlərdə alacağına ümid edir:

“Təkcə bizə, CNN-ə deyil, azad, güclü və müstəqil Amerika mətbuatına dəstək verənlərin hamısına səmimi təşəkkürümüzü bildiririk”.

CNN yazır ki, Ağ Ev sakitləşməsə, bu iş aylarla davam edə bilər.

CNN məhkəmədən “tam və birdəfəlik” qərar istəyir ki, Trump-ın Acosta-nın vəsiqəsini ləğv etməsini “qeyri-konstitusiya” hərəkəti adlandırsın.

Bu da qeyd olunur ki, belə bir qərar başqa jurnalistləri administrasiyasının qisasından müdafiə edərdi.

CNN-nin vəkilləri bildirirlər ki, hakim belə bir qərarı sonrakı dinləmələrdə elan edəcək. Dinləmələrin qarşıdan gələn həftələrdə keçiriləcəyi düşünülür.

Lakin Ağ Ev ictimai bəyanatlarında Acosta-nın özünü “aqressiv” apardığını və “qara siyahıya” salınmağa layiq olduğunu vurğulamaqda davam edir.

Noyabrın 14-də Washington Post-un bir tədbirində danışan Ağ Evin kommunikasiya rəsmilərindən Mercedes Schlapp deyib ki, mətbuat konfranslarında “müəyyən ədəb qaydaları” gözlənməlidir.

O deyib ki, Ağ Ev belə “pis davranışlara” dözmək niyyətində deyil. Schlapp “pis davranış” ifadəsini dəfələrlə təkrar edib.

Noyabrın 13-də Ədliyyə Nazirliyinin həmin məhkəmədə çıxış edən müvəkkili James Burnham mübahisə edib ki, “Trump-ın Ağ Evi istənilən müxbiri, istənilən vaxt və istənilən səbəbə görə çölə atmaq hüququna malikdir”.

CNN bu bəyanatın onilliklərə davam edən ənənəyə zidd olduğunu yazır.

Amma James Burnham israr edir ki, Ağ Ev reportajları ilə razılaşmadığı müxbirlərin akkreditasiyasını ləğv etmək hüququna malikdir.

Ağ Ev Müxbirləri Assosiasiyası bəyan edib ki, hökumətin belə mövqeyi “yanlış” və “təhlükəlidir”.