Trump Avropa ölkələrini Suriyada əsir düşmüş cihadçıları götürüb mühakimə etməyə çağırıb

Donald Trump, ABŞ prezidenti

ABŞ prezidenti Donald Trump Britaniya,Fransa, Almaniya və digər avropa ölkələrini, “İslam dövləti” qrupunun əsir götürülmüş 800-dək döyüşçüsünü götürüb mühakimə etməyə çağırıb.

Bu barədə fevralın 17-də "The Guardian" qəzeti yazır.

Həmin islamçı yaraqlılar, ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın Suriyada keçirdiyi əməliyyatlar zamanı əsir düşüblər.

Donald Trump özünün “Tvitter” hesabında yazır ki, əks halda amerikalılar onları buraxacaq və nəticədə onlar azad adamlar kimi Avropa Birliyi ölkələrinə dönəcək və gələcəkdə yenidən terrorçuluqla məşğul ola bilərlər.

Trump-ın yazısında, onların birbaşa Avropa ölkələrinin vətəndaşları olmasına toxunulmur.

Amma məlumdur ki, “İslam dövləti” qrupunun sıralarında Avropa ölkələrinin vətəndaşları olan yüzlərlə cihadçı vuruşub.

Xüsusi xidmətdə olan məlumata görə, “İslam dövləti” qrupu İraq və Suriyada məğlubiyyətə uğramağa başladıqdan sonra cihadçıların bir qismi Avropaya qayıdıb.

Hazırda Suriyada “İslam dövləti” qrupunun nəzarətində sonuncu, bircə məntəqə qalıb.

ABŞ-ın dəstəklədiyi “Surianın demokratik qüvvələri” adlı qrup hazırda bu məntəqə uğrunda mübarizə aparır də yaxın vaxtlarda onun azad olunacağını bəyan edib.

Bu qrup əsasən yerli kürd döyüşçülərdən ibarətdir.

ABŞ və onun müttəfiqləri Suriya müharibəsində prezident Bashar Assada qarşı vuruşan üsyançıların, Rusiya ilə İran isə Suriya rejiminin tərəfini saxlayırlar.