Trump yeni büdcədə diplomatiyaya ayrılan vəsaiti kəskin azaldır

ABŞ prezidenti Donald Trump gələn il üçün 4. 7 trilyon dollarlıq büdcə təklif edib və bu büdcədə xarici yardım xərcləri kəskin azaldılıb, hərbi xərclər isə kəskin artırılıb.

Təhlilçilər belə büdcənin Konqresdə ciddi maneələrlə üzləşəcəyini proqnozlaşdırırlar.

Trump-ın martın 11-də açıqladığı büdcədə sosial təminat, səhiyyə, ətraf mühit və diplomatiya sahələrinin xərcləri üçün ümümilikdə on il ərzində 2, 7 trilyon dollarlıq ixtisarlar nəzərdə tutulub.

Lakin bu federal büdcədə 2034-cü ilədək ixtisar və xərclər üçün balans göstərilməyib. Bu, Amerika üçün ənənəvi büdcə tərtibindən fərqli bir haldır.

Oktyabrın 1-də təsdiq edilməsi planlaşdırılan bu büdcədə Dövlət Departamentinin xərcləri 23, Ətraf Mühit Agentliyinin xərcləri isə 31 faiz azaldılır.

Yeni büdcədə müdafiə xərcləri 4 faiz artılır, lakin prezident eyni zamanda Meksika ilə sərhəddə divarın tikintisi üçün 8, 6 milyard dollar ayrılmasını istəyir.

Bu, onun millət vəkillərinin razılığı ilə son iki ilin hər ilində aldığı vəsaitdən 6 dəfə çoxdur.

2019-cu ilin büdcəsi üçün kəsir proqnozu 900 milyard dollardır və bu, ABŞ dövlət borcunu 22 trilyon dollara çatdıracaq.