Trump Rusiyanın demokratlara dəstək verə biləcəyindən ‘narahatdır’

Donlad Trump iyulun 24-də Kanzas şəhərinə səfər edib

ABŞ prezidenti Donald Trump deyib ki, o Moskvanın noyabr ayında keçiriləcək Konqres seçkisində seçkiyə demokratların xeyrinə təsir göstərməyə çalışacağına inanır. Hərçənd bundan əvvəl ABŞ kəşfiyyatı Rusiyanın 2016-cı il seçkisinə Trump-a dəstək məqsədilə müdaxiləyə çalışdığı barədə nəticəyə gəlib.

Trump iyulun 24-də Twitter-də yazıb:

“Mən çox narahatam ki, Rusiya qarşıdan gələn seçkini təsirləndirmək üçün cidd-cəhdlə səylər göstərməyə çalışacaq. Əgər indiyədək heç bir prezidentin Rusiyaya münasibətdə mənim qədər sərt olmadığı nəzərə alınarsa, onlar demokratların xeyrinə çox cəhd göstərəcək. Onlar qətiyyətlə Trump-ı istəmirlər!”

Trump bu iddiasını heç nə ilə əsaslandırmayıb. ABŞ kəşfiyyatı bildirir ki, Rusiya hazırda qarşıdan gələn 6 noyabr seçkisinə müdaxilə cəhdlərini davam etdirir.

Demokratların bu seçkidə Senatda daha iki və Nümayəndələr Palatasında daha 23 yer qazanması lazımdır ki, onlar Konqresdə çoxluğa malik olsunlar.

Əgər demokratlar iki palatadan birində üstünlük qazansalar onda Trump-ın siyasət gündəliyinin icrasını son dərəcə çətinləşdirə və Trump administrasiyasının araşdırılması üçün daha qətiyyətlə səy göstərə bilərlər.

Trump iyulun 16-da Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında ABŞ kəşfiyyatının Rusiyanın seçki müdaxiləsinə dair gəldiyi nəticəni tanımadığına işarə etmişdi.

Tənqidçiləri Trump-ı öz ölkəsinin kəşfiyyatını Rusiyanın ayağına verməkdə ittiham edirdilər.

Bu tənqidlərin ardınca prezident həmin konfransda verdiyi bəyanatın düzgün başa düşülmədiyini və onun əslində ABŞ kəşfiyyatının nəticələrini qəbul etdiyini yazmışdı.

Lakin bundan dərhal sonra onun Putini bu payız Vaşinqtona dəvət etdiyi bəyan edilmişdi.

Amma Nümayəndələr Palatasının respublikaçı spikeri Paul Ryan deyib ki, Putin Trump-ın dəvətini qəbul etsə belə, onun Konqresdə çıxış etməsinə imkan verilməyəcək:

"Biz qətiyyətlə bildiririk ki, ona birgə sessiyaya dəvət verməyəcəyik. Biz belə bir şeyi yalnız müttəfiqlərimizə rəva görürük”.